ABŞ prezidenti Donald Trampın İsrailə hər il ayrılan milyardlarla dollarlıq hərbi yardımın dayandırılacağını açıqlaması Vaşinqton–Təl-Əviv münasibətlərində yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir. Noyabrın 3-də, ABŞ-də aralıq seçkilərin keçirildiyi gün səsləndirilən bu bəyanat təkcə maliyyə məsələsi deyil, həm də Amerikanın İsrail siyasətində dəyişən siyasi reallıqların göstəricisidir. Tramp İsrailin artıq belə yardıma ehtiyac duymadığını, Baş nazir Benyamin Netanyahu ilə bu barədə razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, 2026-cı ilin sonundan etibarən Vaşinqton İsrailə illik təxminən 4 milyard dollarlıq maliyyə dəstəyi verməyəcək, lakin zərurət yaranacağı təqdirdə Təl-Əvivə yardım göstərməyə hazır olacaq.
Milli Məclisin deputatı Vüqar İskəndərov Musavat.com-a açıqlamasında qeyd etdi ki, bu açıqlamanın diqqətçəkən tərəfi onun ABŞ-də İsrailə hərbi dəstəyin getdikcə daha ciddi siyasi mübahisə predmetinə çevrildiyi bir dövrdə səsləndirilməsidir: “Uzun illər Vaşinqtonun İsrailə yardımı Amerika xarici siyasətinin toxunulmaz istiqamətlərindən biri hesab olunurdu. Lakin artıq ABŞ cəmiyyətində, xüsusilə gənc seçicilər arasında bu siyasətə münasibət dəyişir. Qəzza hadisələri, Yaxın Şərqdə davam edən gərginlik və Amerikanın xarici hərbi xərcləri ilə bağlı narazılıqlar siyasi qüvvələri yeni mövqelər müəyyənləşdirməyə məcbur edir. Trampın bəyanatının məhz aralıq seçkilər günü səsləndirilməsi təsadüfi görünmür. Amerika siyasətində daxili seçici maraqları ilə xarici siyasət qərarları arasında əlaqə getdikcə güclənir. Tramp bir tərəfdən İsraillə strateji müttəfiqliyin davam edəcəyini nümayiş etdirir, digər tərəfdən isə Amerika vergi ödəyicilərinin vəsaitlərinin xarici dövlətlərə yönəldilməsinə qarşı çıxan elektorata mesaj verir. Başqa sözlə, burada həm geosiyasi hesablama, həm də daxili siyasi praqmatizm mövcuddur. Ancaq məsələnin daha dərin tərəfi var. ABŞ İsrailə birbaşa hərbi yardımı dayandırsa belə, bu, iki dövlət arasında strateji tərəfdaşlığın sona çatması demək deyil. Vaşinqtonun İsrailə silah satışı, hərbi texnologiyalar sahəsində əməkdaşlığı, kəşfiyyat əlaqələri və regional təhlükəsizlik məsələlərində koordinasiyası davam edə bilər. Əslində, söhbət müttəfiqlik münasibətlərinin ləğvindən deyil, onun maliyyə və siyasi mexanizmlərinin yenidən qurulmasından gedir. Digər mühüm məqam isə Netanyahunun bu təşəbbüslə razılaşması barədə Trampın açıqlamasıdır”.
Deputat onu da diqqətə çatdırdı ki, İsrail uzun illər Amerika hərbi yardımlarından faydalansa da, öz müdafiə sənayesini inkişaf etdirməyə və hərbi-texnoloji imkanlarını genişləndirməyə çalışır: ” Bununla belə, milyardlarla dollarlıq dəstəyin qısa müddətdə dayandırılması İsrailin müdafiə büdcəsinə əlavə yük yarada bilər. Məhz buna görə də Trampın bəyanatının praktiki icrası və mövcud razılaşmaların taleyi hələ ciddi müzakirə mövzusudur. Bu qərarın Yaxın Şərqdəki geosiyasi proseslərə mümkün təsirləri də diqqətdən kənarda qalmamalıdır. İranla münasibətlər, Fələstin məsələsi, ərəb dövlətləri ilə normallaşma prosesi və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması Vaşinqtonun İsrail siyasətindən birbaşa təsirlənən istiqamətlərdir. ABŞ-nin maliyyə yardımını azaltması onun regiondakı təsir imkanlarından imtina etməsi anlamına gəlmir. Əksinə, Vaşinqton daha az birbaşa maliyyə öhdəliyi ilə daha çevik siyasi təsir mexanizmləri qurmağa çalışa bilər. Hesab edirəm ki, burada əsas siyasi mesaj ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində hətta ənənəvi və strateji müttəfiqliklər də dəyişən maraqlara uyğun yenidən nəzərdən keçirilir. Artıq dövlətlərarası münasibətlərdə emosional yaxınlıqdan daha çox iqtisadi səmərəlilik, təhlükəsizlik maraqları və siyasi nəticələr ön plana çıxır”.
Parlament təmsilçisi fikirlərinə bu cür yekun vurdu: “Trampın bu addımı bir daha göstərir ki, dünya siyasətində dəyişməz hesab edilən münasibətlər belə yeni reallıqlar qarşısında transformasiyaya uğraya bilər. Vaşinqton–Təl-Əviv xəttində baş verənlər də bunun bariz nümunəsidir. Əsas məsələ Amerikanın İsraildən uzaqlaşıb-uzaqlaşmaması deyil, ABŞ-nin öz strateji müttəfiqləri ilə münasibətlərini bundan sonra hansı prinsiplər əsasında quracağıdır. Çünki böyük siyasətdə müttəfiqliklər davam edə bilər, amma onların şərtləri heç də əbədi deyil”.

