Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar İskəndərov: “Böyük güclərin rəqabəti artıq Yer kürəsinə sığmır — kosmos yeni geosiyasi cəbhəyə çevrilir”

Dünyada son 24 saat ərzində baş verən siyasi və geosiyasi proseslər böyük güclər arasında rəqabətin yeni mərhələyə keçdiyini göstərir.

Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov 16 sentyabr — qlobal siyasi proseslərə dair baxışını bölüşüb.

Deputat hesab edir ki, ABŞ–Çin rəqabəti artıq yalnız ticarət, enerji və geosiyasi təsir uğrunda mübarizə ilə məhdudlaşmır. Kosmos, süni intellekt, kritik minerallar və nəqliyyat dəhlizləri də böyük güclər arasındakı rəqabətin əsas istiqamətlərinə çevrilir.

Vüqar İskəndərov ilk növbədə ABŞ–Çin rəqabətinin kosmosa keçməsinə diqqət çəkib.

“Çin ABŞ-ın orbitdə “space-control” silahlarına malik olduğunu açıq şəkildə təsdiqləməsindən sonra bunun kosmosda yeni silahlanma yarışına səbəb ola biləcəyini bildirib. Pekin Vaşinqtonu kosmosu hərbiləşdirməkdə ittiham edir”, – deputat bildirib.

Onun sözlərinə görə, müasir dövlətlərin rabitə, naviqasiya, kəşfiyyat, raket xəbərdarlığı və digər strateji sistemləri peyklərdən ciddi şəkildə asılıdır.

“Deməli, gələcək müharibədə rəqibin tankını vurmaqdan əvvəl onun “gözünü və qulağını” kosmosda sıradan çıxarmaq daha effektiv ola bilər. Məncə, diqqətdə saxlanmalı yeni termin “kosmik çəkindirmə”dir. Nüvə çəkindirməsinin yanında yaxın illərdə kosmik çəkindirmə böyük güclərin strategiyasının ayrıca elementi olacaq”, – deyə Vüqar İskəndərov vurğulayıb.

Deputat Çinin təhlükəsizlik sahəsində yeni siyasi dil formalaşdırmaq cəhdlərinə də diqqət çəkib. Pekində keçirilən Xiangshan Forumunda Çinin müdafiə naziri Dong Jun “hegemonluq”, “militarizm” və “təxribatçı hərəkətlər” mövzularına toxunub. Tədbirdə 100-dən çox ölkədən 2 mindən artıq nümayəndənin iştirak etdiyi bildirilir.

İskəndərovun fikrincə, Pekinin bu istiqamətdə fəaliyyəti yalnız hərbi tədbir deyil, eyni zamanda siyasi və diplomatik platforma yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.

Deputat Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə toxunaraq Hörmüz və Bab əl-Məndəb boğazlarının eyni geosiyasi proseslərin təsir dairəsinə düşməsinin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini qeyd edib.

O, Türkiyənin proseslərdəki mövqeyini də ayrıca vurğulayıb və Ankaranın həm Tehran, həm də Vaşinqton xəttindən fərqli diplomatik mövqe formalaşdırmağa çalışdığını bildirib.

“Beləliklə, Türkiyə özünü “üçüncü diplomatik mərkəz” kimi yerləşdirməyə çalışır. Bu model uğurlu olarsa, Ankaranın Yaxın Şərqdə siyasi çəkisi hərbi gücündən daha sürətlə arta bilər”, – deyə deputat qeyd edib.

Vüqar İskəndərov Mərkəzi Asiyada kritik minerallar uğrunda rəqabətin güclənməsini də mühüm geosiyasi tendensiya kimi dəyərləndirib.

Cənubi Koreyanın Mərkəzi Asiya ölkələri ilə ilk sammitində kritik minerallar, enerji, mədənçilik, infrastruktur və texnologiya sahələrində 70-dən çox razılaşma və memorandum əldə olunub. Seul kritik mineralların yalnız hasilatı deyil, emalı və son məhsula qədər bütün dəyər zəncirində əməkdaşlığı genişləndirməyə çalışır.

Deputat hesab edir ki, bu proses Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini də artıran amillərdən biridir.

“Mərkəzi Asiyanın iqtisadi çəkisi artdıqca onun Avropa və Türkiyəyə çıxış qapısı olan Xəzər–Azərbaycan xəttinin də strateji qiyməti yüksələcək”, – deyə Vüqar İskəndərov bildirib.

O, süni intellekt sahəsində qlobal rəqabətin enerji məsələsindən ayrı qiymətləndirilə bilməyəcəyini də vurğulayıb.

“Süni intellekt yarışını yalnız ən yaxşı proqramı yazan deyil, ən ucuz və etibarlı enerjini təmin edən də qazanacaq. Yəni enerji siyasəti artıq rəqəmsal suverenlik siyasətidir”, – deputat qeyd edib.

Vüqar İskəndərov ABŞ–Çin münasibətlərində siyasi rəqabətlə iqtisadi əlaqələrin paralel şəkildə davam etməsini də diqqətəlayiq hesab edir.

Onun fikrincə, iki böyük güc arasında strateji rəqabətin dərinləşməsinə baxmayaraq, kapital və maliyyə əlaqələri tam şəkildə ayrılma prosesini mürəkkəbləşdirir.

Deputat həmçinin qlobal sistemdə orta güclərin rolunun artmasına diqqət çəkib.

“Yeni dünya nizamında əsas sual ABŞ, yoxsa Çin deyil. Getdikcə daha çox dövlətlərin cavabı belədir: heç birinin orbitində deyil, hər ikisi ilə öz maraqlarımız əsasında”, – deyə Vüqar İskəndərov bildirib.

O əlavə edib ki, Azərbaycanın milli maraqlara söykənən, balanslaşdırılmış və müstəqil xarici siyasəti belə çoxqütblü beynəlxalq mühitdə ölkəyə daha geniş manevr imkanları yaradır.

Deputatın fikrincə, hazırkı qlobal proseslərin əsas nəticəsini üç tezislə ifadə etmək olar:

“Böyük güclərin rəqabəti artıq Yer kürəsinə sığmır — kosmos yeni geosiyasi cəbhəyə çevrilir”.

“Mərkəzi Asiyanın kritik minerallarının qiyməti artdıqca Azərbaycanın coğrafiyasının da siyasi cəzbediciliyi artır”.

“Yeni dünya nizamında əsas sual ABŞ, yoxsa Çin deyil; getdikcə daha çox dövlətlərin cavabı belədir: heç birinin orbitində deyil, hər ikisi ilə öz maraqlarımız əsasında”.