2–3 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində göz mikrocərrahiyyəsi və oftalmologiyanın aktual məsələlərinə həsr olunan VI Beynəlxalq Oftalmoloji Konqres – IOC-VI Uzbekistan 2026 keçirilib.Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən alim və oftalmoloqlar iştirak edib. Konqresdə 20-yə yaxın ölkədən 1700-dən artıq iştirakçı bir araya gəlib.
Yenigun.Media xəbər verir ki, konqres çərçivəsində oftalmologiyanın müxtəlif istiqamətləri üzrə aktual elmi mövzular müzakirə olunub, müasir diaqnostika və müalicə üsulları, göz mikrocərrahiyyəsində yeni yanaşmalar və qabaqcıl təcrübə ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanı təmsil edən 10-a yaxın oftalmoloq da iştirak edib.
Azərbaycanlı oftalmoloq Yazgül Abdiyeva isə konqresdə moderator qismində iştirak edib. O, tədbirin elmi proqramı çərçivəsində keçirilən müzakirələrin idarə olunmasında və mütəxəssislər arasında fikir mübadiləsinin aparılmasında iştirak edib.
Konqresdə Türkiyədən də tanınmış mütəxəssislər yer alıb. Türk Oftalmoloji Dərnəyinin fəxri sədri Prof. Sunay Duman, TCOD-un başqanı Prof. Öner Gelişken və Türk Oftalmoloji Dərnəyinin başqanı Prof. Kıvanç Güngör tədbirə qatılıblar.
Yazgül Abdiyeva konqres çərçivəsində həmkarları ilə görüşlərin keçirildiyini, səmimi söhbətlər və elmi müzakirələrin aparıldığını qeyd edib.
Belə beynəlxalq elmi tədbirlər oftalmologiya sahəsində yeni bilik və təcrübələrin paylaşılması, qabaqcıl müalicə və diaqnostika metodlarının öyrənilməsi, eləcə də Azərbaycan, Türkiyə və digər ölkələrin mütəxəssisləri arasında elmi-peşəkar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, konqresin təşkilində Özbəkistan Katarakta və Refraktiv Cərrahlar Cəmiyyətinin sədri, VI Beynəlxalq Oftalmoloji Konqresin proqram komitəsinin rəhbəri professor Azamat Yusupov, eləcə də cəmiyyətin baş icraçı direktoru, oftalmoloq-cərrah Nozim Zaynutdinov və təşkilat komitəsinin digər üzvləri mühüm rol oynayıblar.
Yazgül Abdiyeva konqresin yüksək səviyyədə təşkilinə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.


