Zəngilan şəhərinin düşmən işğalından azad edilməsi Azərbaycanın müasir hərb və diplomatiya tarixinin ən şanlı, ən parlaq səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan bu möhtəşəm zəfər xalqımızın dəmir iradəsinin, rəşadətli ordumuzun şücaətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsidir.
Yenigun.Media xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev 20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə təbrikində bildirib.
“Böyük Qayıdış və modern quruculuğun rəmzi”
Millət vəkili Zəngilanda həyata keçirilən genişmiqyaslı bərpa işlərinə və sakinlərin öz yurdlarına qayıdışına diqqət çəkib:
“İşğaldan azad olunduqdan sonra Zəngilanda sürətlə başlanan bərpa və quruculuq işləri dövlətimizin iqtisadi gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirir. Bu gün Zəngilan sadəcə bərpa olunan bir bölgə deyil, həm də “Ağıllı kənd” konsepti, beynəlxalq hava limanı, müasir magistral yolları və geniş infrastruktur layihələri ilə regionun yeni inkişaf və loqistika mərkəzidir. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətlə qayıtması Böyük Qayıdış proqramının uğurla reallaşdığının əyani sübutudur”.
“Zəngəzur dəhlizi və Türk dünyasının birliyi”
MCP başqanı bölgənin geosiyasi rolunu vurğulayaraq təbrikini yekunlaşdırıb:
“Eyni zamanda, Zəngilanın geostrateji mövqeyi Zəngəzur dəhlizinin açılması, regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin bərpa edilməsi və türkdilli dövlətlərin coğrafi birliyi baxımından da müstəsna əhəmiyyət kəsb edir.
Bu əlamətdar gün münasibətilə başda zəngilanlılar olmaqla, bütün xalqımızı ürəkdən təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçən azadlıq fədailərimizi, şəhidlərimizi dərin ehtiram və rəhmətlə anır, qazilərimizə cansağlığı diləyirəm. Zəngilan Şəhəri Gününüz mübarək!”

