Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər DYP İdarəsinin hərəkət iştirakçılarına MÜRACİƏTİ

“2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi və sıxlığın qarşısının alınması məqsədilə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Yenigun.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

DYP İdarəsi sentyabrın 24-dən 26-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, eləcə də respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlara ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyə edib.

Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddətdə fərdi avtomobillərdən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

Bildirilib ki, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi təşkil olunacaq.

Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq ediləcək. İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək və Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsini əhatə edəcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.

21 və 22 sentyabr tarixlərində müəyyən edilmiş giriş-çıxış nöqtələri saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün açıq olacaq.

23 sentyabrda isə həmin yollar saat 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Giriş nöqtələri:

● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

● Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində;

● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;

● Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.

Çıxış nöqtələri:

● Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;

● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

● Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.

Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, eləcə də sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək.

Tranzit dəhlizlərində sürət həddi 50 km/saat müəyyən ediləcək.

DYP İdarəsi sürücülərdən və digər hərəkət iştirakçılarından tətbiq ediləcək məhdudiyyətləri nəzərə almağı, yol hərəkəti qaydalarına və polis əməkdaşlarının tələblərinə riayət etməyi xahiş edib.