Milli Məclisin deputatı Anar İsgəndərov Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinin əhəmiyyəti barədə Yenigun.Media-ya açıqlamasında danışıb.
Deputat bildirib ki, Bakıda bu səviyyəli dini və mənəvi tədbirlərin keçirilməsi Azərbaycanın İslam dünyası, Türk dünyası və Qafqaz arasında dialoqa verdiyi əhəmiyyətin göstəricisidir:
“Azərbaycanın belə bir toplantıya ev sahibliyi etməsi mühüm hadisədir. Burada söhbət yalnız dini liderlərin görüşündən getmir. Eyni zamanda, İslam həmrəyliyi, Türk dünyasının birliyi, milli-mənəvi dəyərlərin qorunması və regionda sülhün təşviqi kimi mühüm məsələlər müzakirə olunur. Azərbaycan uzun illərdir bu istiqamətlərdə müxtəlif təşəbbüslərlə çıxış edir və Bakı artıq belə beynəlxalq dialoqlar üçün mühüm platformalardan birinə çevrilib”.
Anar İsgəndərov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi və mədəni irsi ilə yanaşı, İslam dünyası ilə münasibətlərə xüsusi diqqət yetirilməsi təsadüfi deyil:
“Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkan olub. Bu gün də ölkəmiz dini və mədəni müxtəlifliyə hörmət prinsiplərini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qoruyur. İslam dünyasının müxtəlif ölkələrindən dini liderlərin Bakıda bir araya gəlməsi Azərbaycanın bu sahədəki mövqeyini bir daha nümayiş etdirir”.
Deputatın sözlərinə görə, müsəlman dini liderlərinin görüşlərinin mütəmadi keçirilməsi ilə bağlı irəli sürülən təşəbbüs də xüsusi əhəmiyyət daşıyır:
“Dini liderlərin mütəmadi şəkildə bir araya gəlməsi yalnız dini məsələlərin müzakirəsi baxımından deyil, sülh və qarşılıqlı anlaşma üçün də əhəmiyyətlidir. Bu görüşlər vasitəsilə müxtəlif ölkələrin dini icmaları arasında əlaqələr güclənə, ortaq mənəvi dəyərlər ətrafında əməkdaşlıq genişlənə bilər. Xüsusilə dünyada münaqişələrin və qarşıdurmaların davam etdiyi bir dövrdə belə dialoq platformalarının əhəmiyyəti daha da artır”.
Anar İsgəndərov Seyid Yəhya Bakuvinin irsinin beynəlxalq konfrans çərçivəsində müzakirə edilməsinə də toxunub. O bildirib ki, Azərbaycan mütəfəkkirlərinin irsi yalnız milli deyil, ümumilikdə Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir:
“Seyid Yəhya Bakuvi Azərbaycan tarixinin və fəlsəfi fikir dünyasının görkəmli nümayəndələrindən biridir. Onun irsinin beynəlxalq səviyyədə öyrənilməsi Azərbaycanın zəngin mənəvi və intellektual tarixinin dünyaya təqdim olunması baxımından mühümdür. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı bizim milli sərvətimiz olmaqla yanaşı, ümumbəşəri mədəni irsin də mühüm tərkib hissəsidir”.
Deputat Qarabağ və Şərqi Zəngəzura səfərin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Dini liderlərin Qarabağa səfəri mühüm hadisədir. Onlar işğal dövründə dağıdılmış şəhər və kəndləri, dini və mədəni abidələri, eyni zamanda bu gün həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini yerində görəcəklər. Bu baxımdan Ağdam, Xocalı, Xankəndi və Şuşaya səfər yalnız tarixi faktların nümayiş etdirilməsi deyil, həm də Azərbaycanın Qarabağda həyata keçirdiyi Böyük Qayıdış siyasətinin nəticələrinin təqdim olunması baxımından əhəmiyyətlidir”.
Anar İsgəndərov qeyd edib ki, Qarabağda məscidlərin bərpasına xüsusi diqqət yetirilməsi Azərbaycanın milli-mənəvi irsə münasibətini də göstərir:
“İşğal dövründə Azərbaycanın dini abidələrinə, xüsusilə məscidlərə ciddi ziyan vurulub. Bu gün həmin abidələrin bərpası Qarabağın yalnız şəhər və kəndlərinin deyil, onun mənəvi yaddaşının da yenidən qurulması deməkdir. Ağdam məscidinin bərpası bu baxımdan simvolik əhəmiyyət daşıyır. Qarabağda məscidlərin və digər dini-mədəni abidələrin yenidən həyata qaytarılması tarixi irsin qorunması baxımından mühüm addımdır”.
Deputat Böyük Qayıdış prosesinə də diqqət çəkərək bildirib ki, Qarabağın dirçəlişinin əsas göstəricilərindən biri insanların öz doğma torpaqlarına qayıtmasıdır:
“Qarabağın bərpasını yalnız yeni binaların tikilməsi ilə ölçmək düzgün olmaz. Əsas məqsəd insanların öz doğma torpaqlarına qayıtması, orada normal həyat şəraitinin yaradılmasıdır. Böyük Qayıdış çərçivəsində şəhər və kəndlərdə həyatın yenidən canlanması Azərbaycanın qarşısında duran mühüm tarixi vəzifələrdən biridir”.
Anar İsgəndərov bildirib ki, Azərbaycanın tarixi yaddaşa xüsusi önəm verməsi sülh gündəliyi ilə ziddiyyət təşkil etmir:
“Tarixi yaddaş qorunmalıdır. Biz keçmişdə baş verənləri unutmaqla gələcəkdə sülhü təmin edə bilmərik. Əksinə, tarixdən nəticə çıxarmaq və gələcək nəsillərin müharibə və qarşıdurmalar görməməsi üçün sülh mədəniyyətini gücləndirmək lazımdır. Azərbaycan müharibədən sonra sülh gündəliyini önə çəkib. Bu, regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunması baxımından mühüm yanaşmadır”.
Deputat dini liderlərin sülh prosesində mənəvi rolunun da böyük olduğunu vurğulayıb:
“Dini liderlərin cəmiyyətlərə təsir imkanları genişdir. Onların sülh, qarşılıqlı hörmət, insan qardaşlığı və dialoqla bağlı çağırışları cəmiyyətlər arasında etimadın formalaşmasına töhfə verə bilər. Bu baxımdan dini və siyasi liderlərin sülh naminə bir-birini tamamlayan səyləri mühüm əhəmiyyət daşıyır”.
Anar İsgəndərov əlavə edib ki, Bakıda keçirilən tədbirlərin ümumi mahiyyətində üç mühüm istiqamət — birlik, milli-mənəvi yaddaş və sülh xüsusi şəkildə diqqəti cəlb edir:
“Azərbaycanın verdiyi mesaj ondan ibarətdir ki, İslam həmrəyliyi, Türk dünyasının birliyi, milli-mənəvi dəyərlərin qorunması və regional sülh bir-birindən ayrı proseslər deyil. Bunlar qarşılıqlı şəkildə bir-birini tamamlayan istiqamətlərdir. Azərbaycan bu gün həm öz tarixi irsini qoruyur, həm Qarabağda böyük quruculuq həyata keçirir, həm də regionda sülh və əməkdaşlıq gündəliyini dəstəkləyir. Bakıda keçirilən bu görüşlər də həmin yanaşmanın mühüm göstəricilərindən biridir”.
Anar İsgəndərov
Milli Məclisin deputatı

