Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunan müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet istiqamətləri üzrə mühüm hədəflər müəyyənləşdirilib.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə qızıl, mis və molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiqi mədənçıxarma sənayesində istehsal həcminin daha da artırılmasına imkan verəcək:
“Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu, məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni iş yerlərinin əksəriyyətinin bölgələrin payına düşməsi isə regionların iqtisadi aktivliyinə müsbət təsir göstərəcək”.
Vüqar Bayramovun sözlərinə görə, mədənçıxarma sənayesində istehsal göstəricilərində də mühüm dəyişikliklər müşahidə olunur. Belə ki, 2025-ci ildə sektorda 37 milyard manatlıq məhsul istehsal edilib.
Deputat bildirib ki, həmin dövrdə azalma əsasən xam neft və qaz istehsalında qeydə alınıb. Bu sahədə istehsalın həcmi 2024-cü ildəki 38,2 milyard manatdan 2025-ci ildə 33,3 milyard manatadək azalıb.
“Eyni zamanda, metal filizlərinin hasilatında əhəmiyyətli artım qeydə alınıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizi hasil edilmişdisə, 2025-ci ildə bu göstərici 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesində göstərilən xidmətlərin həcmi də artaraq 2025-ci ildə 2,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2,5 milyard manat təşkil edirdi”, – deyə deputat vurğulayıb.
Vüqar Bayramov qeyd edib ki, yeni Dövlət Proqramının icrası ilə mədənçıxarma sənayesinin əsas göstəricilərində əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir.
Onun sözlərinə görə, proqramın həyata keçirilməsi nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır.

