Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə səsləndirilən fikirlərlə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında bildirib ki, qarşıdakı illərdə Azərbaycanın zəngin mineral resurslarından daha səmərəli istifadə edilməsi və ölkə daxilində əlavə dəyərin artırılması əsas istiqamətlərdən biri olacaq.

Deputat qeyd edib ki, burada məqsəd yalnız hasilatın artırılması deyil, xammalın emalından son məhsulun istehsalına qədər tam dəyər zəncirinin formalaşdırılmasıdır:
“Xammalın emalından son məhsula qədər tam dəyər zəncirinin formalaşdırılması, müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və ixrac imkanlarının artırılması Azərbaycanın sənaye siyasətində yeni imkanlar yaradır. Bu yanaşma Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi sənayeləşmə və qeyri-neft sektorunun inkişafı siyasətinin məntiqi davamıdır”.
Fatma Yıldırım vurğulayıb ki, metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının gücləndirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir.
Onun sözlərinə görə, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi prosesinə mühüm töhfə verə bilər.
Deputat əminliyini ifadə edib ki, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində dağ-mədən və metallurgiya sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulacaq:
“Yerli istehsal və emal imkanlarının genişləndirilməsi həm iqtisadiyyatımızın şaxələndirilməsi, həm sənaye potensialımızın artırılması, həm də Azərbaycanın regional və beynəlxalq sənaye zəncirlərində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır”.

