“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkəmizin qarşıdakı illər üçün iqtisadi və sənaye siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirir.
Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında bildirib.
Deputat qeyd edib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər Azərbaycanın zəngin təbii resurslarından daha səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı və müasir sənaye sahələrinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
“2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərindən biri filiz hasilatından başlayaraq zənginləşdirmə, emal və son məhsul istehsalına qədər tam istehsal zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma ölkə daxilində əlavə dəyərin artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və beş mindən çox yeni daimi iş yerinin yaradılmasına şərait yaradacaq”, – deyə Fatma Yıldırım vurğulayıb.
Deputatın sözlərinə görə, proqram Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması və Böyük Qayıdış prosesinin sürətləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:
“İşğaldan azad edilmiş ərazilərdə mövcud mineral resursların iqtisadi dövriyyəyə cəlb olunması həmin ərazilərin müasir sənaye və iqtisadi inkişaf mərkəzlərinə çevrilməsinə mühüm töhfə verə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr regionlarda iqtisadi fəallığın və məşğulluğun artırılmasına da xidmət edəcək”.
Fatma Yıldırım Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin də mühüm istiqamətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi Azərbaycanın mineral resurs potensialının daha dərindən öyrənilməsinə və yeni resurs bazasının formalaşdırılmasına imkan verəcək.
Deputat metallurgiya sənayesinin inkişafına dair hədəflərin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması ilə bağlı hədəf ölkəmizin metallurgiya sənayesinin inkişafı baxımından mühüm göstəricidir. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər yerli istehsalın genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının artırılmasına və yeni texnoloji sahələrin formalaşmasına şərait yarada bilər”.
Fatma Yıldırım hesab edir ki, bu prosesdə dövlət müəssisələri ilə yanaşı, yerli sahibkarların və xarici investorların iştirakının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
“Azərbaycanın həyata keçirdiyi sənaye siyasəti və formalaşdırdığı investisiya mühiti yeni layihələrin reallaşdırılması üçün imkanlar yaradır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı nəticəsində yeni istehsal sahələrinin yaradılması, minlərlə insanın daimi işlə təmin olunması, regionların iqtisadi fəallığının yüksəldilməsi, ixrac potensialının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin formalaşması gözlənilir”, – deyə deputat bildirib.
Deputat əlavə edib ki, Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafına yeni impuls verilməsidir:
“Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi baxımından qeyri-neft sənayesinin inkişafı strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın zəngin təbii ehtiyatlarının müasir texnologiyalar əsasında və milli iqtisadi maraqlar nəzərə alınmaqla istifadəsinə, yeni sənaye dəyər zəncirlərinin yaradılmasına və ölkəmizin iqtisadi potensialının daha da gücləndirilməsinə mühüm töhfə verəcək”.

