Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və yeni sənaye istiqamətlərinin inkişafı baxımından mühüm hədəfləri ortaya qoyur.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Dövlət Proqramı çərçivəsində təbii resurslardan səmərəli istifadə, müasir geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, qızıl, mis, molibden və digər yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, eyni zamanda filizin hasilatından son məhsulun istehsalına qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur.
Müşfiq Məmmədli qeyd edib ki, Qərb Sənaye Parkının fəaliyyəti, “Daşkəsən” və “Filizçay” yataqlarının inkişafı, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək yeni sənaye layihələri regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər:
“Bu layihələr yeni istehsal imkanlarının yaradılması ilə yanaşı, regionlarda məşğulluğun artırılması və yerli iqtisadi fəallığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Proqramın icrası nəticəsində 5 mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin formalaşdırılması üçün yeni potensial yaranacaq”.
Deputat vurğulayıb ki, müasir metallurgiya sənayesinin formalaşdırılması yalnız xammal hasilatı ilə məhdudlaşmamalı, daha yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafını da əhatə etməlidir.
Onun sözlərinə görə, layihələrin həyata keçirilməsi zamanı ekoloji standartların qorunması da əsas prioritetlərdən biri olmalıdır:
“Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə ilə yanaşı, ətraf mühitin və ölkəmizin zəngin təbiətinin qorunması da xüsusi əhəmiyyət daşıyır. Sənaye inkişafı və ekoloji təhlükəsizlik paralel şəkildə təmin edilməlidir”.
Müşfiq Məmmədli əlavə edib ki, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası Azərbaycanın sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı və Qarabağla Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin sürətləndirilməsi baxımından yeni imkanlar formalaşdıracaq.

