Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Əli Məsimli: “Mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın qeyri-neft sektoruna ciddi töhfə verəcək”

“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi və yeni sənaye imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Milli Məclisin deputatı Əli Məsimli Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız xammal hasilatının artırılması ilə məhdudlaşmamalı, əsas diqqət tam dəyər zəncirinin formalaşdırılmasına yönəldilməlidir:

“Əsas hədəflərdən biri Azərbaycanda hasil olunan dəmir filizi, alüminium, mis və qızıl kimi resursların mümkün qədər ölkə daxilində emal edilərək yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Bu yanaşma xammalın filiz formasında ixracından daha böyük iqtisadi səmərə əldə etməyə imkan verə bilər”.

Əli Məsimli qeyd edib ki, Dövlət Proqramının 2027–2030-cu illəri əhatə etməsi bu sahənin qısa müddətdə modernləşdirilməsi və yeni istehsal güclərinin yaradılması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, proqram çərçivəsində filizlərin ölkə daxilində emalı üçün zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, filizlərin daşınmasının iqtisadi baxımdan səmərəli təşkili üçün nəqliyyat tarifləri üzrə müəyyən güzəştlərin tətbiqi də planlaşdırılır.

Deputat bildirib ki, proqramın digər mühüm istiqaməti müasir və qabaqcıl texnologiyaların tətbiqidir:

“Yeni texnologiyaların tətbiqi istehsalın səmərəliliyinin artırılması, resurslardan daha qənaətlə istifadə edilməsi və Azərbaycanın dünya bazarında rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Əli Məsimli ekoloji məsələlərin də xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yeni yataqların istismarı və zavodların yaradılması zamanı ətraf mühitin qorunması əsas şərtlərdən biri olmalıdır.

“İstehsal prosesində hava, su və torpaq ehtiyatlarının qorunmasını təmin edən müasir texnologiyaların tətbiqi vacibdir. Ekoloji standartlara əməl olunması həm dövlət, həm də özəl sektor üçün əsas məsuliyyətlərdən biri olmalıdır”, – deyə deputat qeyd edib.

Deputatın sözlərinə görə, Dövlət Proqramı geniş investisiya imkanları da yaradır. Proqram çərçivəsində ümumilikdə 5,3 milyard manat sərmayənin yatırılması nəzərdə tutulur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələri, 2 milyard manatının isə özəl sektor hesabına formalaşması planlaşdırılır.

Əli Məsimli hesab edir ki, investisiyaların əsas hissəsinin büdcədənkənar mənbələr hesabına təmin olunması özəl kapitalın və investorların prosesə cəlb edilməsini sürətləndirə bilər.

O bildirib ki, proqramın icrası nəticəsində mis, qızıl və gümüş ixracının ümumi həcminin 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata yüksəlməsi proqnozlaşdırılır.

Deputat həmçinin proqramın regionların inkişafına təsirinə diqqət çəkib:

“Dağ-mədən yataqlarının əhəmiyyətli hissəsinin bölgələrdə yerləşməsi investisiyaların və onun multiplikativ effektlərinin regionlarda formalaşmasına imkan verir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə – Kəlbəcər, Ağdərə və Zəngilan istiqamətində yerləşən qızıl, mis və molibden yataqlarının istismarı həmin ərazilərin iqtisadi dövriyyəyə daha sürətli qoşulmasına xidmət edə bilər”.

Əli Məsimli qeyd edib ki, Dövlət Proqramı çərçivəsində qarşıdakı illərdə 5 mindən çox daimi yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Bu rəqəm proqramın icrası zamanı yeni layihələrin və istehsal güclərinin genişlənməsi hesabına daha da arta bilər. Əsas məsələ yaradılan iş yerlərinin dayanıqlı olması və regionlarda məşğulluğun artmasına real töhfə verməsidir”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, proqramın icrası nəticəsində mədən və metallurgiya sektorunun ÜDM-ə birbaşa töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, sektorun əlavə dəyəri və illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldilməsi hədəflənir.

Əli Məsimli hesab edir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin sistemli və səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanın mineral resurslarından daha yüksək iqtisadi dəyər əldə etməsinə, qeyri-neft sektorunun şaxələndirilməsinə, regionların inkişafına və ixrac imkanlarının genişləndirilməsinə mühüm təsir göstərə bilər.

“Bu baxımdan əsas məsələ təkcə xammal hasilatının artırılması deyil, hasilatdan emala, emaldan yüksək əlavə dəyərli məhsul istehsalına qədər tam dəyər zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın sənaye potensialının gücləndirilməsi və qeyri-neft sektorunda yeni inkişaf mərhələsinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə deputat əlavə edib.