Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: “Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq”

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də böyük qürur hissi ilə yaşayan tarixi bir gündür.

Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, bu gün Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir.

Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. 44 gün ərzində Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını və döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.

Fatma Yıldırımın sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqların işğalına son qoyulub və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Deputat vurğulayıb ki, bu Zəfərin arxasında uzun illər aparılan dövlət siyasəti, güclü ordu quruculuğu, xalqın birliyi və milli iradəsi dayanıb:

“27 Sentyabrı yalnız müharibənin başlandığı tarix kimi xatırlamırıq. Bu gün biz şəhidlərimizin qarşısında mənəvi məsuliyyətimizi də bir daha dərk edirik. Onların bizə əmanət etdiyi qalib Azərbaycanın inkişafı, güclənməsi və gələcək nəsillərə daha qüdrətli dövlət kimi ötürülməsi bizim əsas vəzifələrimizdən biridir”.

Fatma Yıldırım qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Böyük Zəfərin davamıdır. Vaxtilə işğal altında olan torpaqlarda bu gün həyat yenidən qurulur, şəhər və kəndlər bərpa edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

Deputat sonda bütün şəhidlərin qarşısında baş əydiyini bildirərək, Allahdan Vətən uğrunda canından keçən hər bir şəhidə rəhmət, qazilərə cansağlığı diləyib.

“Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq”, – deyə Fatma Yıldırım vurğulayıb.