Milli Məclisin deputatı Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə bağlı fikirlərini Yenigun.Media ilə bölüşüb.
Yenigun.Media xəbər verir ki, deputat bildirib ki, qurultay partiyanın keçdiyi inkişaf yoluna nəzər salınması, qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və yeni hədəflərin qarşıya qoyulması baxımından mühüm siyasi hadisədir.
Fatma Yıldırım qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasi irs və dövlətçilik fəlsəfəsi əsasında formalaşaraq, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafına və dövlətçilik maraqlarına xidmət edən aparıcı siyasi qüvvə kimi fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, VIII Qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər qarşıdakı dövrdə Azərbaycanın daha da gücləndirilməsi, əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsinin əsas istiqamətlər olaraq qalacağını göstərir.
“Bu mühüm siyasi tədbirdə nümayəndə kimi iştirak etmək mənim üçün böyük qürur və məsuliyyətdir. İnanıram ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının qarşısında yeni və daha böyük vəzifələr müəyyənləşdirərək, qarşıdakı mərhələdə fəaliyyətimiz üçün mühüm yol xəritəsi olacaq”, – deyə deputat vurğulayıb.
Fatma Yıldırım əlavə edib ki, əsas məqsəd Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlət qarşısında duran strateji hədəflərin həyata keçirilməsinə, Azərbaycanın daha da güclənməsinə və xalqın rifahının yüksəldilməsinə layiqli töhfə verməkdir.

