Milli Məclisin deputatı Vüqar İskəndərov qlobal siyasi proseslərdə baş verən son dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.
Deputat qeyd edib ki, dünya siyasətində diplomatik proseslər davam etsə də, bir sıra istiqamətlərdə hərbi güc və ritorikanın artması müşahidə olunur.
Vüqar İskəndərov İran–ABŞ münasibətlərinə diqqət çəkərək bildirib ki, danışıqların davam etməsinə baxmayaraq, tərəflərin hərbi imkanlarını artırması vəziyyəti daha həssas edir. Onun sözlərinə görə, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr yanlış hesablamanın diplomatik prosesləri daha geniş qarşıdurmaya sürükləməsi riskini artırır.
Deputat Rusiya–NATO münasibətlərində də risklərin yüksəldiyini vurğulayıb. O bildirib ki, qarşıdurmada nüvə ritorikasının ön plana çıxması çəkindirmə mexanizmləri baxımından narahatedici məqamdır:
“Rusiya–NATO qarşıdurmasında əsas risk tərəflərdən birinin müharibə istəməsi deyil, qarşı tərəfin ‘qırmızı xəttini’ yanlış hesablamasıdır”.
Ukrayna müharibəsinə toxunan Vüqar İskəndərov qeyd edib ki, böyük sülh razılaşması əldə olunmadığı halda, müharibənin ayrı-ayrı istiqamətlərində məhdud atəşkəs imkanlarının müzakirəsi əhəmiyyətli diplomatik variantdır. Onun sözlərinə görə, Qara dəniz üzrə mümkün razılaşma həm regional təhlükəsizliyə, həm qlobal ərzaq bazarına, həm də Türkiyənin vasitəçilik roluna təsir göstərə bilər.
Deputat ABŞ–Çin münasibətlərində iqtisadi amilin də getdikcə daha çox strateji əhəmiyyət qazandığını bildirib. O, kritik minerallar, süni intellekt və strateji texnologiyalar uğrunda rəqabətin böyük güclər arasındakı münasibətlərin əsas istiqamətlərindən birinə çevrildiyini deyib.
“XXI əsrdə böyük gücün silahı yalnız raket deyil; kritik mineral, texnologiya və təchizat zənciri də siyasi təzyiq vasitəsidir. Çin mineralı, ABŞ isə texnologiyanı siyasi alətə çevirir. Böyük güclərin rəqabətində zavod və təchizat zənciri də hərbi baza qədər strateji əhəmiyyət qazanır”, – deyə Vüqar İskəndərov vurğulayıb.
Deputat Şuşada keçirilən Azərbaycan–Türkiyə–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün regional əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, üç ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi Orta Dəhlizin inkişafı fonunda xüsusi əhəmiyyət daşıyır.
“Orta Dəhliz böyüdükcə onun təhlükəsizlik dayağı da böyüməlidir. Azərbaycan–Gürcüstan–Türkiyə xətti Xəzəri Qara dəniz və Aralıq dənizi ilə birləşdirən enerji və nəqliyyat sisteminin əsas hissəsidir. Şuşada üç ölkənin müdafiə nazirlərinin bir masa arxasında olması iqtisadi bağlantının təhlükəsizlik arxitekturası ilə tamamlandığını göstərən siyasi mesajdır”, – deputat qeyd edib.
Vüqar İskəndərovun sözlərinə görə, hazırkı qlobal proseslər göstərir ki, diplomatiya, hərbi təhlükəsizlik, enerji və nəqliyyat marşrutları, eləcə də strateji texnologiyalar artıq bir-birindən ayrı nəzərdən keçirilə bilməz.

