4 oktyabr Azərbaycan dövlətçilik tarixində xalqın milli iradəsinin, Silahlı Qüvvələrin hərbi qüdrətinin və illərlə qorunan qayıdış əzminin konkret tarixi nəticəyə çevrildiyi əlamətdar günlərdən biridir. 2020-ci ilin məhz bu günündə Cəbrayıl şəhərinin işğaldan azad olunması Vətən müharibəsinin gedişində ilk böyük şəhər qələbəsi kimi həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət qazandı. Müharibənin ilk həftəsində əldə olunan bu uğur Azərbaycan Ordusunun hücum tempini, əməliyyat imkanlarını və strateji təşəbbüsü öz əlində saxlamaq gücünü nümayiş etdirməklə yanaşı, cəmiyyətin Qələbəyə olan inamını daha da möhkəmləndirdi.
Cəbrayıl əməliyyatının hərbi əhəmiyyəti onun coğrafi mövqeyi və sonrakı əməliyyatların istiqamətinə göstərdiyi təsirlə daha aydın görünür. Rayon ərazisində uzun illər ərzində yaradılmış çoxpilləli müdafiə xətlərinin yarılması, şəhərin və ətraf yaşayış məntəqələrinin azad olunması ordumuz qarşısında yeni əməliyyat imkanları açdı. Cəbrayıldan sonra Xocavəndin cənub istiqamətində, Hadrut ətrafında, daha sonra Zəngilan, Qubadlı və Laçın istiqamətlərində hərbi hərəkətlərin genişlənməsi bu qələbənin Vətən müharibəsinin ümumi strategiyasındakı yerini təsdiqlədi. Buna görə də 4 oktyabr bir şəhərin azadlığı ilə yanaşı, Böyük Zəfərə aparan yolun mühüm dönüş nöqtələrindən biri kimi tarixə həkk olundu.
Cəbrayıl uğrunda döyüşlərin mürəkkəbliyi bu qələbənin miqyasını daha da artırırdı. Qarşı tərəfin illər ərzində qurduğu istehkamların yarılması yüksək koordinasiya, çevik komandanlıq və şəxsi heyətin böyük fədakarlığını tələb edirdi. Məhz buna görə Cəbrayıl əməliyyatı Azərbaycan hərb tarixində müasir döyüş planlaşdırmasının, müxtəlif qoşun növlərinin uzlaşdırılmış fəaliyyətinin və yüksək mənəvi ruhun nəticə yaratdığı mühüm əməliyyatlardan biri kimi xüsusi yer tutur. Sonradan “Cəbrayılın azad olunmasına görə” medalının təsis edilməsi də həmin döyüşlərdə göstərilən igidliyin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsi oldu.
Bu qələbənin mənəvi ölçüsü də son dərəcə böyükdür. Cəbrayıl 1993-cü ildən etibarən doğma yurdlarından didərgin düşmüş insanların yaddaşında həsrətin, itkinin və qayıdış ümidinin ünvanına çevrilmişdi. 27 ildən sonra həmin torpaqlarda Azərbaycan bayrağının yenidən ucaldılması tarixi ədalətin bərpasını, dövlətin öz ərazi bütövlüyünü təmin etmək iradəsini və xalqın uzun illər yaşatdığı milli amalın həyata keçməsini ifadə etdi. Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızın dalğalanması isə bu tarixi mərhələnin ən güclü rəmzlərindən biri oldu.
Bu gün Cəbrayılın adı artıq yeni həyat, qayıdış və gələcək anlayışları ilə birgə səslənir. İnsanların doğma torpaqlarına qayıtması, şəhərdə və kəndlərdə yaşayışın bərpası Qələbənin gündəlik həyata çevrilən davamını nümayiş etdirir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl Şəhəri Günü müəyyən edilməsi Qələbə tarixinin dövlət yaddaşında əbədiləşdirilməsi baxımından mühüm məna daşıyır. Bu tarix şəhidlərin əziz xatirəsinin, qazilərin fədakarlığının, Azərbaycan əsgərinin qəhrəmanlığının və xalqın sarsılmaz iradəsinin vahid mənəvi yaddaşda birləşdiyi gündür. Cəbrayıl bu gün azadlığın qiymətini, Qələbənin tarixi məsuliyyətini və gələcəyə inamı özündə birləşdirən canlı dövlətçilik salnaməsidir.
Rövşən Muradov
Milli Məclisin deputatı

