Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin strateji istiqamətlərini müəyyənləşdirir

Milli Məclisin deputatı Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışını şərh edib.

Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında bildirib ki, YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsi tədbirə xüsusi tarixi və siyasi əhəmiyyət qazandırır.

“Cənab Prezident İlham Əliyevin qurultayda çıxışı Azərbaycanın yeni inkişaf mərhələsində qarşıda duran əsas prioritetləri və strateji vəzifələri aydın şəkildə ortaya qoydu. Artıq Azərbaycan yeni reallıqlar şəraitində öz inkişafının növbəti mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas məqsədlərdən biri əldə olunmuş tarixi nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin siyasi, iqtisadi və hərbi gücünün daha da artırılmasıdır”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin əsasını xalq-iqtidar birliyi, milli həmrəylik, güclü dövlətçilik və ardıcıl siyasi strategiya təşkil edir. 2020-ci il Vətən müharibəsində əldə olunan Qələbə və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması uzunmüddətli dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyev də qurultay çıxışında tədbirin ilk dəfə ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirildiyini xüsusi vurğulayıb.

Fatma Yıldırım bildirib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolu müasir Azərbaycanın dövlətçilik tarixindən ayrı təsəvvür etmək mümkün deyil.

“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb siyasi şəraitində xalqın dövlətçilik maraqlarını ifadə edən mühüm siyasi qüvvə kimi formalaşdı. Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı isə müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş mərhələsi oldu. Bu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitə uyğun şəkildə davam etdirilir”, – deyə deputat vurğulayıb.

Deputatın sözlərinə görə, müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin imkanlarından səmərəli istifadə qarşıdakı mərhələnin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev də qurultayda Ulu Öndərin siyasi xəttinin əsas mahiyyətinin dəyişmədiyini, bu xəttin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensiala söykəndiyini bildirib.

Fatma Yıldırım diqqətə çatdırıb ki, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi və azad edilmiş ərazilərin iqtisadi potensialının ölkənin ümumi inkişafına inteqrasiyasıdır.

“Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri yeni yaşayış məntəqələrinin, yolların, sosial və digər infrastrukturun yaradılması ilə müşayiət olunur. Böyük Qayıdışın uğurla davam etdirilməsi Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın sosial-iqtisadi inkişafında daha böyük rol oynamasına imkan verəcək”, – deyə o bildirib.

Deputat təhlükəsizlik və müdafiə məsələlərinin də yeni dövrün mühüm prioritetlərindən olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsi və milli maraqlarını qoruması üçün güclü müdafiə imkanlarının saxlanılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qurultayda hərbi gücün artırılmasını əsas vəzifələrdən biri kimi qeyd edib.

Fatma Yıldırım informasiya və ideoloji təhlükəsizlik məsələlərinə də diqqət çəkib:

“Rəqəmsal texnologiyaların həyatımıza sürətlə daxil olduğu bir dövrdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi həqiqətlərin düzgün çatdırılması və cəmiyyətin dezinformasiyalardan qorunması mühüm məsələlərdəndir.”

Milli Məclisin deputatı Azərbaycanın xarici siyasətinə toxunaraq bildirib ki, ölkənin milli maraqlara əsaslanan müstəqil siyasəti regional və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, enerji siyasəti də Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini müəyyən edən əsas istiqamətlərdəndir. Prezident İlham Əliyev qurultaydakı çıxışında Azərbaycanın enerji resurslarının ölkənin regional və beynəlxalq enerji təhlükəsizliyində rolunu xüsusi qeyd edib.

Fatma Yıldırım əlavə edib ki, iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb olunması və regionların inkişafı qarşıdakı dövrdə də dövlət siyasətinin əsas istiqamətlərindən olacaq.

“YAP-ın VIII Qurultayı Azərbaycanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Əsas hədəf əldə edilmiş tarixi nəticələri möhkəmləndirmək, dövlətimizin gücünü daha da artırmaq, azad edilmiş ərazilərdə quruculuq prosesini sürətləndirmək və ölkəmizin yeni inkişaf imkanlarından səmərəli istifadə etməkdir. İnanıram ki, xalqımızın birliyi və dövlətimizin gücü qarşıdakı illərdə də Azərbaycanın davamlı inkişafı üçün mühüm əsas olacaq”, – deyə deputat Fatma Yıldırım bildirib.