Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Əli Məsimli müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib.

Əli Məsimli təbrikində müəllimlərin cəmiyyətin inkişafında, gənc nəslin formalaşmasında və ölkənin intellektual potensialının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

O qeyd edib ki, təhsil və elm bəşəri tərəqqinin əsas hərəkətverici qüvvələrindəndir:

“Cəmiyyətin tərəqqisində, dövlətlərin intellektual yüksəlişində və müstəqilliyində müəllimin, təhsilin və elmin rolu əvəzsizdir. Tarix boyu elmi, iqtisadi və mədəni sıçrayış edən, qlobal arenada söz sahibi olan xalqların uğurlarının arxasında güclü təhsil sistemi dayanıb”.

Əli Məsimli bildirib ki, hər bir insanın həyat yolunda və qazandığı uğurlarda valideynlərlə yanaşı, müəllimlərin də böyük əməyi var. Onun sözlərinə görə, savadlı, milli və bəşəri dəyərlərə sadiq şəxsiyyətlərin yetişdirilməsi davamlı milli tərəqqinin əsas şərtlərindən biridir.

Milli Məclisin üzvü vurğulayıb ki, müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti, iqtisadi gücü və vətəndaşların rifahı böyük ölçüdə təhsil, elm və insan kapitalının keyfiyyətindən asılıdır.

“Artıq təbii resurslar – neft, qaz, qızıl və sair deyil, bilik və texnologiya qlobal gücü müəyyən edən əsas amilə çevrilib. Yaşamağa başladığımız yeni mərhələdə təhsil və elmə qoyulan sərmayə sıradan bir xərc deyil, ölkənin gələcəyini müəyyən edən ən strateji sərmayədir”, – deyə Əli Məsimli qeyd edib.

O, müəllimlik peşəsinin nüfuzunun artırılmasının, pedaqoji sahəyə savadlı və istedadlı kadrların cəlb edilməsinin, müəllimlərin sosial və maddi motivasiyasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Əli Məsimli həmçinin məktəb, valideyn və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsinin, rəqəmsal transformasiyanın sürətləndirilməsinin, ali təhsil müəssisələri ilə biznes strukturları arasında əlaqələrin genişləndirilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyini bildirib.

O, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təhsilin bir nömrəli prioritet olduğunu bəyan etməsini Azərbaycanın gələcək inkişaf modelində insan kapitalının xüsusi əhəmiyyət daşımasının göstəricisi kimi qiymətləndirib.

“Cəmiyyətin irəliləməsinə davamlı xarakter vermək, daha ədalətli və inkişaf etmiş bir dünya yaratmaqdan ötrü ən böyük sərmayə elmə və onun ötürücüsü olan təhsilə yönəldilməlidir”, – deyə Əli Məsimli vurğulayıb.

Sonda Əli Məsimli bütün təhsil işçilərinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600