Siyəzəndə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun müxtəlif təhsil müəssisələrində çalışan müəllimlərlə görüş keçirilib.
Yenigun.Media xəbər verir ki, görüşdə müəllimlərin fəaliyyəti, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tədbir zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin son iki illik fəaliyyəti barədə məlumat verilib. Xüsusilə təhsil işçilərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların istirahətinin və müalicəsinin təşkili istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Görüş çərçivəsində R.Məmmədov adına Eynibulaq kənd tam orta məktəbinin müəllimi Xəyalə Babayeva, T.Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimi Ucar Zeynalov, Böyük Həmyə kənd tam orta məktəbinin müəllimi Ramil Əsgərov, V.Qasımov adına Yenikənd kənd tam orta məktəbinin müəllimi Şəhruz Mərdanov və Yenikənd kənd tam orta məktəbinin müəllimi Ema Məmmədova Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediliblər.
Çıxışlarda müəllimlərin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müəllimlər gənc nəslin bilik və dünyagörüşünün formalaşmasına, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaşların yetişdirilməsinə böyük töhfə verirlər.
Sonda dəyərli müəllimlər təbrik olunub, onlara möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
Bayramınız mübarək, əziz müəllimlər!


