Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Deputat: Dövlət qulluğu sertifikatının müddətinin 5 ildən 2 ilə endirilməsinə yenidən baxılmalıdır

Milli Məclisin deputatı Qazi Nürullayev dövlət qulluğu ilə bağlı qanunvericilik məsələlərinin müzakirəsi zamanı sertifikatların qüvvədə olma müddəti və imtahanı uğurla keçən şəxslərin sonrakı taleyi ilə bağlı təkliflərlə çıxış edib.

Yenigun.Media xəbər verir ki, dövlət qulluğu imtahanından uğurla keçmiş şəxslərin sertifikatının qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, insan dövlət qulluğuna qəbul olmaq üçün imtahan verir, hazırlaşır və uğur qazandıqdan sonra iki il ərzində yenidən eyni proses qarşısında qalır.

“Belə çıxır ki, insanın ömrü imtahan verməklə keçəcək. İnsan nə vaxt işləyəcək, nə vaxt təcrübə toplayacaq, nə vaxt özünü peşəkar kimi inkişaf etdirəcək?” – deyə deputat bildirib.

Qazi Nürullayev qeyd edib ki, dövlət qulluqçularını davamlı imtahan həyacanı və təzyiqi altında saxlamaq əvəzinə, onların peşəkar inkişafına və sabit iş mühitinə şərait yaradılmalıdır.

Deputat çıxışında imtahanı uğurla keçərək sertifikat alan şəxslərin sonrakı vəziyyətinə də diqqət çəkib. O, sertifikat əldə edən şəxslərin uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etməsi və işlə təmin olunması üçün konkret mexanizmin yaradılmasını təklif edib.

Təklifə əsasən, imtahandan uğurla keçmiş və sertifikat almış şəxs ən geci 3–6 ay ərzində öz ixtisasına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etmək və işlə təmin olunmaq üçün real imkan əldə etməlidir.

Deputat vurğulayıb ki, bu, imtahanı keçən hər kəsin avtomatik olaraq istədiyi vəzifəyə təyin olunması anlamına gəlmir. Vəzifənin tələbləri, müsahibə və digər müəyyən edilmiş prosedurlar qüvvədə qalmalıdır.

“Dövlət bir insanı imtahandan keçirib sertifikat verirsə, sonra onu illərlə gözlətməməlidir. İnsan bilməlidir ki, bu imtahanın sonunda onun qarşısında konkret bir karyera yolu var”, – deyə Qazi Nürullayev qeyd edib.

Deputat sonda iki məsələnin diqqətdə saxlanılmasını təklif edib: sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinə yenidən baxılması və imtahanı uğurla keçən şəxslərin 3–6 ay ərzində uyğun dövlət qulluğu vəzifələri üzrə işlə təmin olunmasına dair konkret mexanizmin Məcəllədə əksini tapması.

Deputatın fikrincə, dövlət qulluğuna gələn insanların daim imtahan stressi altında saxlanılması əvəzinə, onların dövlətə daha səmərəli xidmət göstərməsi üçün sabit və proqnozlaşdırılan sistem yaradılmalıdır.