Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü və imzalanan Birgə Bəyanat iki ölkə arasında 30 ildən artıq davam edən diplomatik əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlətlərarası münasibətləri və Laos Prezidentinin Azərbaycana rəsmi səfərinin geostrateji əhəmiyyətini şərh edərkən bildirib.
“Siyasi dialoq və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək inkişaf edir”
Millət vəkili iki ölkə arasında qurulan möhkəm siyasi-parlament platformasına diqqət çəkib:
“30 ildən çoxdur ki, Azərbaycan və Laos beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və hakim partiyalar arasında imzalanmış Anlaşma Memorandumu siyasi dialoqun nə qədər dayanıqlı olduğunu göstərir. İmzalanan Birgə Bəyanat bu münasibətlərin gələcək hüquqi-siyasi çərçivəsini dəqiq müəyyən edir”.
“İqtisadi potensial reallaşmalı, Azərbaycan investisiyaları üçün imkanlar açılmalıdır”
MCP başqanı ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarını vurğulayıb:
“Mövcud ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Bakıda keçirilən biznes-forum iqtisadi əlaqələrin intensivləşməsinə xüsusi təkan verəcək. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu coğrafiyası genişlənir və Laos tərəfindən konkret layihələr təqdim olunarsa, Azərbaycan investorlarının bu imkanları dəyərləndirməsi hər iki tərəf üçün ciddi iqtisadi fayda gətirə bilər”.
“Mina təhlükəsizliyi və təhsil sahəsində tarixi ənənələrin bərpası vacibdir”
Parlamentari hər iki ölkəni birləşdirən humanitar və təhlükəsizlik məsələlərinə diqqət çəkib:
“Azərbaycan və Laosun üzləşdiyi ən ciddi problemlərdən biri mina təhlükəsidir. Bu sahədə təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və treninqlər mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, vaxtilə 2 mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ənənəsinin təqaüd proqramları vasitəsilə berpa edilməsi kadr hazırlığı və humanitar əlaqələr baxımından strateji addımdır”.
“Trans-Xəzər marşrutu və regional nəqliyyat qovşaqları birləşdirilir”
MCP lideri geosiyasi və loqistik imkanları dəyərləndirərək fikirlərini yekunlaşdırıb:
“Laosun qonşu ölkələrlə dəmir yolu layihələrinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiyası qlobal yükdaşımaların həcmini artıracaq. Azərbaycan öz ərazisində bütün əsas nəqliyyat-loqistika infrastrukturlarını tam reallaşdırıb. Şərq-Qərb və Cənub-Şimal dəhlizləri çərçivəsində Laosla energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində koordinasiyalı fəaliyyət həm ikitərəfli, həm də regional sabitliyə xidmət edir”.

