Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Cavanşir Feyziyev Türkiyədəki açıqlamalara sərt reaksiya verdi

Azərbaycan və Türkiyə arasında məktəbli forması və hicabla bağlı sosial şəbəkələrdə başlayan müzakirələrə münasibət bildirən Milli Məclisin deputatı Cavanşir Feyziyev dövlətlərarası münasibətlərin sosial mediada aparılan mübahisələrdən ayrı tutulmasının vacibliyini vurğulayıb.

Yenigun.Media xəbər verir ki, bu barədə deputat Ankara Masasına açıqlamasında danışıb.

Cavanşir Feyziyev Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın açıqlamalarına diqqət çəkərək bildirib ki, ayrı-ayrı şəxslərin düşünülmədən səsləndirdiyi fikirlər geniş müzakirələrə və narazılıqlara səbəb ola bilər.

Deputatın sözlərinə görə, narahatlıq doğuran əsas məqamlardan biri qardaş ölkədə dövlət vəzifəsi tutan şəxsin mübahisəli məsələ ilə bağlı şəxsi yanaşmasını dövlət siyasəti səviyyəsinə çıxarmağa çalışmasıdır.

Feyziyev qeyd edib ki, hakimiyyətin yüksək pilləsində çalışan və dövlət adından siyasi məsuliyyət daşıyan şəxslərin açıqlamaları daha məsuliyyətli olmalıdır.

“İqtidarın kifayət qədər yüksək pilləsində çalışan və məhz buna görə dövlət adından siyasi məsuliyyət daşıyan bir şəxsin bu cür məsuliyyətsiz açıqlamaları Azərbaycan cəmiyyətində istər-istəməz reaksiya doğuracaqdı. Baş verən yanlışlıqlardan nəticə çıxarılmalı və gələcəkdə daha məsuliyyətli davranmağa çalışılmalıdır”, – deyə deputat bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında məktəbli forması və hicabla bağlı sosial şəbəkələrdə başlayan müzakirələr iki ölkənin ictimaiyyətində geniş əks-səda doğurub. Məsələ ətrafında aparılan müzakirələrdə dövlət rəsmilərinin açıqlamalarının iki ölkə arasındakı qardaşlıq münasibətlərinə təsiri də diqqət mərkəzinə gəlib.