Şəkidə iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsi üzrə istintaq çərçivəsində iki şəxs həbs olunub.
Yenigun.Media xəbər verir ki, hadisə sentyabrın 8-də Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” ailəvi istirahət mərkəzində baş verib.
Baş Prokurorluğun məlumatına əsasən, araşdırma zamanı faciənin təhlükəsizlik qaydalarının pozulması və kanat qurğusunun düzgün quraşdırılmaması ilə bağlı olduğu müəyyən edilib.
İstintaq materiallarında göstərilir ki, zipline qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisi müvafiq lisenziyası və xüsusi təhsili olmayan şəxsə həvalə edilib. Qurğunun konstruksiyasında yaranan deformasiya və təhlükəsizlik vasitələrinin kustar üsulla hazırlanması nəticəsində iki nəfər hündürlükdən yıxılaraq həyatını itirib.
Hadisə ilə əlaqədar istirahət mərkəzinin sahibi Ramiz Hüseynov və Abasət Paşayev təqsirləndirilən şəxs qismində cəlb olunublar. Hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı ibtidai istintaq davam etdirilir.

