Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ nümayəndəsi Cared Kuşner Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı növbəti danışıqlarda Avropa təmsilçilərinin də iştirak edəcəyini bildiriblər.
Yenigun.Media xəbər verir ki, ABŞ nümayəndələri əvvəlcə Dublində Ukrayna Prezidenti Volodimir Zelenski, daha sonra isə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.
Danışıqların növbəti mərhələsində Avropanın beş paytaxtının və Avropa Komissiyasının nümayəndələrinin iştirakı məsələsi gündəmə gəlib. Yeni çoxtərəfli görüşün tarixinin yaxın vaxtlarda müəyyənləşdirilməsi gözlənilir.
Avropa İttifaqı nümayəndələrinin prosesə cəlb olunması ilə bağlı müzakirələr qitənin təhlükəsizlik məsələlərində iştirakının əhəmiyyətini bir daha gündəmə gətirib.
Bununla belə, Kremlin Avropa nümayəndələrinin növbəti danışıqlara qoşulması ilə bağlı razılıq verdiyi hələ təsdiqlənməyib.

