Quba rayonunda kənd yollarının yararsız vəziyyətdə olması, bəzi yaşayış məntəqələrinin qazlaşdırılmaması və daş karxanalarının fəaliyyəti ilə bağlı narazılıqlar sakinlərin gündəminə çevrilib. Rayon sakinləri mövcud problemlərin uzun müddətdir həll olunmadığını bildirərək sosial şəbəkələrdə şikayətlərini dilə gətiriblər.
Yenigun.Media xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesabında sakinlər rayonun müxtəlif ərazilərindəki problemləri diqqətə çatdırıblar.
Şərhlərdə xüsusilə Yuxarı Tüləkəran, Aşağı Tüləkəran, Yenikənd, Möhüc, Tülar və Gültəpə kəndlərini rayon mərkəzi ilə birləşdirən 21 kilometrlik yolun vəziyyətindən şikayət edilib. Sakinlərin sözlərinə görə, yolun təxminən 10 kilometrlik hissəsi iyun ayından çökərək yararsız vəziyyətə düşüb. Onlar bildirirlər ki, mövcud vəziyyət uzun müddətdir gediş-gəlişdə ciddi çətinliklər yaradır.
Sakinlər alternativ yolun da yararsız olduğunu, xüsusilə yağışlı havalarda hərəkətin demək olar ki, mümkünsüzləşdiyini qeyd ediblər. Qarşıdan qış mövsümünün gəldiyini xatırladan sakinlər yolların təmir edilməyəcəyi təqdirdə kəndlərlə rayon mərkəzi arasında əlaqənin tamamilə kəsilə biləcəyindən narahatdırlar. Onlar xəstələnən şəxslərə təcili tibbi yardımın çatdırılmasının da çətinləşəcəyini vurğulayaraq yolun təmirini istəyiblər.
Şəhidlər xiyabanı ilə üzbəüz ərazidə yerləşən yoldakı çuxurlar da sakinlərin narazılığına səbəb olub. Bildirilib ki, uzun müddətdir mövcud olan çuxurlar həmin yoldan istifadəni çətinləşdirir və ərazidə təmir işlərinin aparılmasına ehtiyac var.
Rayonda daş karxanalarının fəaliyyəti ilə bağlı da şikayətlər səsləndirilib. Sakinlər bəzi şəxslərin qanunsuz şəkildə daş-çınqıl daşıması nəticəsində rayonun təbiətinə və infrastrukturuna ziyan dəydiyini iddia ediblər. Onların sözlərinə görə, karxanalardan daşınan ağır yüklü yük maşınları Qubanın yollarını yararsız vəziyyətə salıb. Sakinlər həmçinin çay yataqlarına da ziyan dəydiyini bildirərək bu məsələyə diqqət ayrılmasını istəyiblər.
Bundan başqa, rayonun Əski-İqrıq kəndində qaz xəttinin olmaması da narazılıq doğurub. Sakinlər təbiəti ilə seçilən, rayon mərkəzindən təxminən 5 kilometr məsafədə yerləşən kəndin qazlaşdırılmamasından şikayət ediblər. Onların sözlərinə görə, qaz təminatının olmaması səbəbindən kənd sakinlərinin bir qismi yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı problem də sosial şəbəkələrdə gündəmə gətirilib. Bir sakin iki ilə yaxındır Quba Rayon Bələdiyyəsindən torpağın sənədləşdirilməsinə kömək göstərilməsini istədiyini, lakin daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı yaranan çətinliklər səbəbindən məsələnin həll olunmadığını bildirib.
Quba sakinləri sadalanan problemlərin İcra Hakimiyyətinin diqqətinə çatdırılmasını, xüsusilə kənd yollarının təmir edilməsini və rayonun infrastruktur problemlərinin həlli istiqamətində addımlar atılmasını istəyirlər.

