Almaniya Bundesverində aparılan genişmiqyaslı araşdırma qadın hərbçilərin üzləşdiyi təzyiq və zorakılıq halları ilə bağlı ciddi göstəricilər ortaya qoyub.
Yenigun.Media xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, sorğuda iştirak edən qadın hərbçilərin 60 faizindən çoxu seksual xarakterli təqib və ya zorakılıqla qarşılaşdığını bildirib.
Təxminən 4 min qadının iştirak etdiyi sorğuda respondentlərin 40 faizə yaxınının seksual məzmunlu şərhlərə məruz qaldığı, 15 faizinə istənilməyən fotoşəkillər göndərildiyi müəyyən edilib.
Bundan başqa, iştirakçıların 8 faizindən bir qədər çoxu fiziki hücumla, 2 faizi isə seksual zorakılıqla üzləşdiyini bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius nəticələri qəbuledilməz adlandıraraq orduda bu cür hallara qarşı sıfır tolerantlıq siyasətinin tətbiq ediləcəyini vurğulayıb.
Araşdırma Almaniya ordusunda xidmət edən qadınların təhlükəsizliyi və hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib.

