Əsas məzmuna keç
07 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Arzuxan Əlizadə: “Şimal-Cənub” dəhlizi Azərbaycanın regional tranzit imkanlarını genişləndirə bilər

YENİGÜN.MEDİAREKLAM728 × 90

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıran strateji layihələrdən biridir.

Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı Yenigun.Media-ya açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə “Şimal-Cənub” dəhlizində mühüm üstünlüklər qazandırır. Onun sözlərinə görə, Rusiya və İran istiqamətlərini birləşdirən nəqliyyat bağlantısının Azərbaycan ərazisindən keçməsi ölkəmizin Avropa ilə Asiya arasında tranzit və logistika qovşağı kimi mövqeyini daha da gücləndirə bilər.

Arzuxan Əlizadə qeyd edib ki, dəhlizin tam potensialının reallaşdırılması yeni yük marşrutlarının formalaşmasına, nəqliyyat-logistika sektoruna investisiyaların artmasına və qeyri-neft sektorunun inkişafına əlavə imkanlar yarada bilər.

“Burada əsas məqsəd yalnız tranzit daşımalarından gəlir əldə etmək deyil. Azərbaycanın logistika imkanlarını genişləndirməklə əlavə dəyər yaradan xidmətlərin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.

Deputatın sözlərinə görə, logistika mərkəzlərinin, anbar və terminal komplekslərinin inkişaf etdirilməsi, sərhəd-keçid məntəqələrində prosedurların sürətləndirilməsi və rəqəmsal həllərin geniş tətbiqi yük axınının artırılmasına ciddi təsir göstərə bilər.

Arzuxan Əlizadə xüsusilə Astara istiqamətində və digər əsas nəqliyyat qovşaqlarında infrastrukturun inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Onun fikrincə, “Şimal-Cənub” dəhlizinin inkişafı Azərbaycan-Rusiya və Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsinə də mühüm töhfə verə bilər. Səmərəli nəqliyyat bağlantısının yaradılması qarşılıqlı ticarətin artmasına, yeni biznes imkanlarının formalaşmasına və region ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq.

Deputat hesab edir ki, qarşıdakı mərhələdə Azərbaycanın əsas hədəflərindən biri nəqliyyat infrastrukturunun modernləşdirilməsini davam etdirmək, gömrük və sərhəd prosedurlarını sadələşdirmək, rəqəmsallaşmanı sürətləndirmək və logistika imkanlarını daha da genişləndirmək olmalıdır.

“Şimal-Cənub” dəhlizinin tam gücü ilə fəaliyyət göstərməsi Azərbaycanın regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər”, – deyə Arzuxan Əlizadə bildirib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600