Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanın İspaniyadakı səfiri “RaiaDiplomática”nın mükafatına layiq görülüb

Azərbaycanın İspaniya Krallığındakı səfiri Ramiz Həsənov “İspaniyada akkreditə olunmuş ən yaxşı səfir” nominasiyası üzrə mükafat alıb.

Yenigun.Media xəbər verir ki, mükafatlandırma mərasimi 2026-cı il oktyabrın 8-də Madrid şəhərində yerləşən Kantabriya Mədəniyyət Evində (Casa de Cantabria) keçirilib.

Beynəlxalq münasibətlər, diplomatiya və xarici siyasət sahələrinə həsr olunmuş “Raia Diplomática” nəşrinin III Mükafatlandırma mərasimi çərçivəsində səfir Ramiz Həsənov “Mejor Embajador Acreditado en España” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafatı İspaniya parlamentinin yuxarı palatası olan Senatın üzvü, Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edən Visente Azpitartə təqdim edib.

Mərasimdə çıxış edən Ramiz Həsənov Azərbaycan ilə İspaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdən qürur duyduğunu bildirib. O, diplomatiyanın gündəlik dialoq, qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurulduğunu vurğulayıb. Səfir qeyd edib ki, bu istiqamətdə görülən işlər ikitərəfli əlaqələrin inkişafına, eləcə də xalqların və mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına töhfə verir.

Tədbirdə İspaniya və Portuqaliyada akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin əməkdaşları, İspaniya hökumətinin və parlamentinin nümayəndələri, biznes dairələrinin təmsilçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Raia Diplomática” mükafatları diplomatiya, beynəlxalq əməkdaşlıq, mədəniyyət və iqtisadi inkişaf sahələrində əldə olunan nailiyyətlərə, eləcə də ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə verilən töhfələrə görə təqdim olunur.