Bakcell mobil operatorunun abunəçisi Sərdar Zeynalov nömrəsini Azercell şəbəkəsinə daşımaq istəyərkən problemlə üzləşdiyini bildirir.
Yenigun.Media xəbər verir ki, Sərdar Zeynalov bu barədə “Müştəriyəm, şikayətim var” səhifəsində paylaşım edib.
Şikayətçinin sözlərinə görə, ona məxsus Bakcell nömrəsinin Azercell-ə daşınması üçün dəfələrlə müraciət etsə də, sorğular hər dəfə rədd edilib. O bildirib ki, əvvəlcə imtinanın səbəbi kimi borc göstərilib, daha sonra isə abonent məlumatlarında səhv olduğu bildirilib.
Sərdar Zeynalov qeyd edib ki, nömrə üzrə hər hansı borcu yoxdur və şəxsiyyət vəsiqəsini də dəyişməyib. Onun sözlərinə görə, həmin nömrəni əvvəllər eyni şəxsiyyət vəsiqəsi ilə başqa operatordan Bakcell şəbəkəsinə daşıyıb. Buna görə də hazırda məlumatlarda uyğunsuzluq olduğu iddiasının səbəbini anlamaqda çətinlik çəkir.
Şikayətçi hesab edir ki, abonent məlumatlarında uyğunsuzluq mövcud idisə, bu məsələ nömrə əvvəl Bakcell şəbəkəsinə daşınarkən də aşkar edilməli idi.
O, Azercell-in xidmət mərkəzinə dəfələrlə müraciət etdiyini, lakin nömrənin daşınması ilə bağlı sorğuların Bakcell tərəfindən rədd edildiyini bildirib. Bakcell-ə ünvanladığı şikayətə verilən cavabın isə əsas suallara aydınlıq gətirmədiyini vurğulayıb.
Sərdar Zeynalov aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, nömrənin daşınmasına təkrar imtinaların səbəblərinin dəqiqləşdirilməsini və abonent məlumatlarında səhv olduğu iddia edilirsə, konkret uyğunsuzluğun ona bildirilməsini istəyir.
Şikayətçi, həmçinin istehlakçı hüquqlarının pozulub-pozulmadığının araşdırılmasını və müraciətinə rəsmi yazılı cavab verilməsini xahiş edib.
Qeyd edək ki, məsələ ilə bağlı Bakcell-in münasibətini dərc etməyə hazırıq.

