Əsas məzmuna keç
06 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Bakıda Anadolu Məktəbinin yazar və oxucu görüşü keçirilib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bakıda Yunus Emre İnstitutunda Anadolu Məktəbi layihəsi çərçivəsində yazar və oxucuların görüşü keçirilib.

Yenigun.Media xəbər verir ki, tədbirdə Türkiyə və Azərbaycanın ədəbiyyat və mədəniyyət sahəsinin tanınmış nümayəndələri gənc oxucularla bir araya gəlib. Görüşdə ortaq ədəbi irsin iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsindəki rolundan danışılıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullayev, Anadolu Məktəbi Vəqfi Mütevelli Heyətinin üzvü Məhəmməd Hakan Tanrıöver, Türkiyənin Bakıdakı səfirliyinin Kommunikasiya müşaviri, doktor Alptekin Cihangir İşbilir, yazıçı və tərcüməçi İmdat Avşar, eləcə də millət vəkilləri, təhsil işçiləri və gənc oxucular iştirak ediblər.

Görüşün əsas məqsədlərindən biri gənclərin oxuduqları əsərlərin müəllifləri ilə birbaşa ünsiyyət qurmasına imkan yaratmaq olub. İştirakçılar ədəbiyyat, mütaliə və əsərlərin gənclərin dünyagörüşünün formalaşmasındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Anadolu Məktəbinin həyata keçirdiyi mütaliə proqramları gənclərin dəyərli ədəbi əsərlərlə tanış olması, oxuduqlarını təhlil etməsi və öz fikirlərini sərbəst ifadə etməsinə imkan yaradır. Yazar və oxucu görüşləri isə bu prosesi müəlliflərlə canlı ünsiyyət və fikir mübadiləsi ilə daha da zənginləşdirir.

Türkiyə və Azərbaycandan olan gənclərin müştərək mütaliələr ətrafında bir araya gəlməsi iki ölkənin ədəbiyyat nümayəndələrinin və əsərlərinin qarşılıqlı şəkildə daha yaxından tanınmasına da xidmət edir.

Tədbirdə çıxış edən Bakı Yunus Emre İnstitutunun koordinatoru Göktan Seyhan bildirib ki, ortaq gələcək ortaq ədəbiyyatı tanıyan, oxuyan və bu zəngin irsdən ilham alan gənclərin iştirakı ilə formalaşacaq.

O qeyd edib ki, Yunus Emre İnstitutu mədəniyyətin ayrılmaz hissəsi olan ədəbiyyatın dəyərli nümayəndələrini gənc oxucularla görüşdürməkdən məmnundur. Seyhan bu cür görüşlərin gənclərin mədəni irslə bağlarının möhkəmləndirilməsinə və bir-birlərini daha yaxından tanımalarına mühüm imkan yaratdığını vurğulayıb.

İnstitutun koordinatoru Anadolu Məktəbinin fəaliyyətinin əhəmiyyətinə də toxunaraq, gənclərin eyni əsərləri oxumasının onlara müxtəlif baxışları tanımaq, birgə düşünmək və qarşılıqlı anlaşma mədəniyyətini inkişaf etdirmək imkanı verdiyini bildirib.

Qeyd olunub ki, Yunus Emre İnstitutunun dil, mədəniyyət və incəsənət vasitəsilə xalqlar arasında davamlı əlaqələrin qurulmasına xidmət edən fəaliyyəti çərçivəsində keçirilən bu görüş Türkiyə-Azərbaycan qardaşlığının ədəbiyyat müstəvisində daha da gücləndirilməsinə töhfə verir.

Tədbirin sonunda Göktan Seyhan görüşdə iştirak edən qonaqlara, Anadolu Məktəbi ailəsinə, gənclərə rəhbərlik edən müəllimlərə və tədbirə qatılan oxuculara təşəkkürünü bildirib.

O, bu cür görüşlərin ortaq mədəni dəyərlərin yeni nəsillərə çatdırılmasına və iki qardaş ölkənin gəncləri arasında ədəbi-mədəni əlaqələrin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu ifadə edib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600