Əsas məzmuna keç
07 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Bakıda torpaq və fərdi evlərin qiyməti niyə artır? – Ekspertdən AÇIQLAMA

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bakıda torpaq sahələri və fərdi yaşayış evlərinin qiymətində artım son dövrlərdə daşınmaz əmlak bazarında diqqət çəkən əsas tendensiyalardan birinə çevrilib. Xüsusilə şəhərin mərkəzinə yaxın ərazilərdə və infrastrukturu sürətlə inkişaf edən zonalarda qiymət artımı daha çox hiss olunur.Mütəxəssislər hesab edirlər ki, bu prosesə torpaq sahələrinin məhdud olması, əhalinin tələbatının artması, yeni yol və sosial infrastruktur layihələri, eləcə də tikinti xərclərinin yüksəlməsi təsir göstərir. Mənzil bazarında qiymətlərin artması da daha münasib yaşayış sahəsi axtaran vətəndaşların şəhər kənarında fərdi evlərə və torpaq sahələrinə marağını artırır.

Bəs hazırkı qiymətlər real bazar dəyərini əks etdirirmi? Yaxın aylarda bahalaşmanın davam etməsi gözlənilirmi və hazırda torpaq və ya fərdi ev almaq vətəndaş üçün nə dərəcədə sərfəlidir?

Daşınmaz əmlak eksperti Vüqar Oruc Yenigun.Media-ya açıqlamasında Bakıda torpaq və fərdi yaşayış evlərinin bahalaşmasının əsas səbəblərini açıqlayıb.

Ekspertin sözlərinə görə, torpaq bazarında təklifin məhdud olması, şəhərin genişlənməsi və infrastrukturun inkişafı müəyyən ərazilərdə tələbin artmasına səbəb olur.

Vüqar Oruc bildirib ki, fərdi yaşayış evlərinin qiyməti əsasən iki komponentdən – torpaq sahəsi və tikinti xərclərindən formalaşır. Onun sözlərinə görə, həm torpağın, həm tikinti materiallarının, həm də işçi qüvvəsinin qiymətində artım fərdi evlərin maya dəyərinə birbaşa təsir göstərir.

Ekspert əlavə edib ki, yol şəbəkəsinin genişləndirilməsi, sosial obyektlərin yaradılması və əvvəllər nisbətən ucuz hesab olunan ərazilərdə infrastrukturun yaxşılaşdırılması həmin zonalara marağı artırıb. Bu da öz növbəsində torpaq və fərdi evlərin qiymətlərinə təsir göstərib.

Vüqar Orucun sözlərinə görə, mənzil bazarında qiymətlərin yüksəlməsi də fərdi yaşayış evlərinə tələbi artıran amillərdəndir. Yeni tikililərdə mənzil almaq imkanları məhdud olan vətəndaşların bir hissəsi daha münasib qiymətə yaşayış sahəsi əldə etmək üçün şəhər kənarındakı fərdi evlərə üz tutur.

Ekspert hesab edir ki, Bakının bütün ərazilərində qiymət artımı eyni templə getmir. Mərkəzə və şəhərin əsas hissələrinə yaxın ərazilərdə dinamika daha yüksək olduğu halda, şəhərdən uzaqlaşdıqca qiymət artımının tempi də azalır.

Vüqar Oruc yaxın aylarda daşınmaz əmlak bazarında qiymət artımının davam edə biləcəyini də istisna etməyib. Onun hesablamalarına görə, ilin sonuna qədər mənzil bazarında 3-5 faiz, torpaq bazarında isə təxminən 8 faizədək artım ehtimalı var.

Ekspert vətəndaşlara torpaq və ev alarkən yalnız qiymətə deyil, ərazinin yerləşməsinə, sənədlərə və gələcəkdə yarana biləcək hüquqi problemlərə də diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, hazır ev almaq bəzi hallarda torpaq alıb yenidən ev tikməkdən daha məqsədəuyğun ola bilər, çünki müasir tikinti normaları və artan tikinti xərcləri yeni evlərin ərsəyə gətirilməsini daha bahalı edir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600