“Şikayətim Var” səhifəsində Mikayılzadə Babək adlı izləyici CityNet internet provayderinin xidmətindən narazılığını ifadə edib.
Yenigun.Media xəbər verir ki, izləyici paylaşımında internetlə bağlı problemin dəfələrlə təkrarladığını bildirib. Onun sözlərinə görə, sentyabrın əvvəlində də məsələ ilə bağlı paylaşım edib və bundan sonra şirkət əməkdaşları onunla əlaqə saxlayaraq paylaşımın silinməsini xahiş ediblər.
Şikayətçi isə problemin aradan qaldırılmasını istədiyini, sadəcə paylaşımın silinməsi ilə məsələnin həll olunmadığını qeyd edib.
Onun iddiasına görə, sonuncu dəfə əməkdaş gəlib internetlə bağlı problemi aradan qaldırdığını bildirsə də, bir neçə dəqiqə sonra vəziyyət yenidən təkrarlanıb.
“İşçi gəlir, bir dənə başlıq dəyişir, ‘düzəldi’ deyib gedir. 5 dəqiqə sonra yenə vəziyyət eyni”, – deyə izləyici yazıb.
Mikayılzadə Babək bildirib ki, məsələ ilə bağlı daha əvvəl şirkətlə danışarkən problem yenidən yaranacağı təqdirdə aidiyyəti qurumlara müraciət edəcəyini də deyib. O, İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinə yazılı şəkildə müraciət edəcəyini və dəymiş ziyanla bağlı digər aidiyyəti qurumlara da şikayət edəcəyini açıqlayıb.
Şikayətçi aylıq 25 manat ödəniş etdiyini, buna baxmayaraq evdə hətta qısa WhatsApp videosuna belə normal baxa bilmədiyini vurğulayıb.
“Provayderi dəyişəcəyəm. Mən sizin əməkdaşlarla danışanda bunu da qeyd etdim ki, əgər bu problemlər bir də olarsa, sizə zəng etməyəcəyəm”, – deyə izləyici bildirib.
Səsləndirilən fikirlər paylaşım müəllifinə məxsusdur. CityNet-in məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.


