Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
DSX-dən verilən məlumata görə,mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilmişdir.
Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər gənc əsgərlərə dövlətə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sədaqətlə xidmət etməyi, yüksək hərbi intizam, sayıqlıq və məsuliyyət nümayiş etdirməyi, sərhədçi peşəsinin incəliklərinə dərindən yiyələnərək Vətən sərhədlərinin etibarlı mühafizəsində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməyi tövsiyə etmişlər.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılmışdır.
Tədbirdə Hərbi Andı qəbul edərək Vətənin müdafiəsi və dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifəni üzərlərinə götürən gənc əsgərlərin dövlətə, xalqa və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə əminlik ifadə olunmuş, onlara gələcək xidmətlərində uğurlar arzulanmışdır.
Mərasim zamanı valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

