2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində həlak olan mülki şəxslərin xatirəsi anılıb.
Həmin gecə cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə raket atəşinə tutulub. Zərbə nəticəsində şəhərin mərkəzində, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən çoxmənzilli yaşayış binasında 5-i qadın olmaqla, 10 nəfər həyatını itirib, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Hücum nəticəsində 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Milli Məclisin deputatı Pərvin Kərimzadə faciə ilə bağlı paylaşımında qeyd edib ki, Gəncə Memorial Kompleksi məhz həmin zərbənin endirildiyi ərazidə inşa olunub.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
Gəncə Memorial Kompleksi mülki şəxslərin xatirəsinin yaşadılması, xalqımızın üzləşdiyi faciələrin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından mühüm məkan kimi dəyərləndirilir.
Pərvin Kərimzadə paylaşımını bu sözlərlə yekunlaşdırıb: “Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

