Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Dövlət fermer qarşısında öhdəlik götürməlidir… – Deputat

Azərbaycanda fermerlərin məhsullarını satması, gəlir əldə etməsi və istehsal risklərindən qorunması üçün dövlət müdaxiləsinin konkret mexanizmləri qanunvericilikdə daha dəqiq müəyyənləşdirilməlidir.

Yenigun.Media xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Dövlət müdaxiləsi və subsidiyaların verilməsi”

Millət vəkili qanun layihəsinin fermerlərin gündəlik həyatında real dəyişikliklərə gətirib çıxarmasının vacibliyini vurğulayıb:

“Mənim üçün qanunun əsas sınağı bu qanunun fermerin gündəlik həyatında nəyi dəyişəcəyidir. Fermer üçün əsas məsələ təkcə istehsal etmək deyil, əsas məsələ məhsulunu satmaq, gəlir əldə etmək və risklərdən qorunmaqdır. Fermerin gəlirinin qorunması, bazar qiymətlərində kəskin dəyişikliklər zamanı dövlət müdaxiləsinin konkret mexanizmi, müqaviləli istehsalda fermerin hüquqlarının müdafiəsi və subsidiyaların verilməsi ilə bağlı müddətlər qanunda daha dəqiq ifadə olunmalıdır”.

“Suvarma qrafikinin pozulması”

MCP başqanı kənd təsərrüfatında suvarma məsələsinin strateji əhəmiyyətinə və bu sahədə hüquqi məsuliyyətin müəyyənləşdirilməsinə diqqət çəkib:

“Kənd təsərrüfatında suvarma məsələsi də ayrıca əhəmiyyət daşıyır. Azərbaycan kənd təsərrüfatında su sadəcə resurs deyil, istehsalın taleyini müəyyən edən əsas amildir. Suvarma ilə bağlı prinsiplər layihədə var, ama suvarma qrafikinin pozulması, su çatışmazlığı nəticəsində məhsul itkisi və belə hallarda fermerlərin hüquqlarının qorunması daha konkret mexanizm tələb edir”

“Dövlətin fermer qarşısında öhdəliyi”

Parlamentari dövlət dəstəyinin şəffaflığının təmin edilməsi və fermerlərin narazılıqlarına baxılması mexanizmlərinin qanunda əks olunmasını tələb edərək fikirlərini yekunlaşdırıb:

“Dövlət dəstəyinin şəffaflığının təmin edilməsi vacibdir. Fermerin reytinqi, subsidiya qərarı və digər dövlət dəstəyi mexanizmləri üzrə fermerin etiraz və məlumat almaq hüquqları qanunda aydın göstərilməlidir. Xüsusilə bir prinsipin qanunda daha aydın görünməsini vacib sayıram: fermer dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də fermer qarşısında konkret öhdəlik daşımalıdır. Bu yanaşma qanunun yalnız aqrar sahəni tənzimləyən sənəd deyil, fermerin hüquqlarını, gəlirini və istehsalının dayanıqlığını qoruyan iqtisadi mexanizmə çevrilməsinə imkan verə bilər”.