Ağstafa rayonunda Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında dərs bölgüsü ilə bağlı insident baş verib.
Hadisə zamanı ibtidai sinif müəllimi P. Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Zərərçəkən müəllimin jurnalistlərə verdiyi açıqlamaya görə, hadisə məktəbin tədris hissə müdirinin otağında baş verib. Onun sözlərinə görə, digər müəllim tərəfindən ona hücum edilib və telefonuna zərər vurulub.
P. Məmmədova bildirib ki, telefonunda müəllimlərdən biri ilə bağlı səs yazısı olub və qarşı tərəfin həmin səs yazısının yayılmasının qarşısını almaq məqsədilə telefona müdaxilə etdiyini iddia edib.
Müəllim hadisə zamanı başından və əlindən xəsarət aldığını bildirib.
P. Məmmədovanın sözlərinə görə, hadisədən sonra müəllimlərə Təhsil Şöbəsinə müraciət etmələri və onun işdən azad olunması ilə bağlı tapşırıq verilib. O, Elm və Təhsil Nazirliyinə müraciət edərək məsələnin araşdırılmasını istəyib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində zəruri tədbirlər görülür. Qurumdan qeyd olunub ki, səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və nəticələrə uyğun müvafiq tədbirlər görüləcək.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan isə bildirilib ki, daxil olan müraciətlərlə əlaqədar Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. Müraciətlər üzrə müvafiq ekspertiza təyin edilib.
Hadisənin bütün halları aparılan araşdırmanın nəticələrinə əsasən müəyyənləşdiriləcək.

