Azərbaycanda ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi və geyim qaydalarına nəzarət məqsədilə keçirilən monitorinqlər cəmiyyətdə geniş müzakirələrə və narazılıqlara (qalmaqala-red.) səbəb olub. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri və regionlardakı məktəblərdə şagirdlərin müəyyən olunmuş formalara riayət etməsi, eləcə də müəllimlərin işgüzar üsluba (dress-koda) uyğun geyinməsi ilə bağlı ciddi yoxlamalar aparılır. Belə ki, xüsusilə məktəbli forması və hicabla bağlı müzakirələr ölkə sərhədlərini aşaraq Türkiyədə də gündəmə gəlib. Türkiyədə bəzi siyasətçilərin qərarla bağlı açıqlamaları, eləcə də Azərbaycan səfirliyi və konsulluğu qarşısında keçirilən aksiyalar iki qardaş ölkə arasında müzakirələrə yol açıb.
Yenigun.Media xəbər verir ki, son hadisələrlə bağlı millət vəkili Cavanşir Feyziyev “Mediaturk.Tv”-yə açıalama verib.
Millət vəkili bildirib ki, insanların, qrupların və ayrı-ayrı marjinal qrupların hansı fikirləri səsləndirməsindən asılı olmayaraq, Azərbaycan-Türkiyə əlaqələri minilliklərə söykənən böyük bir tarixə əsaslanır. Ona görə də bu münasibətləri bu gün hər hansı bir şəxsin açıqlaması ilə pozmaq mümkün deyil:
“Digər tərəfdən, Türkiyə rəsmilərinin açıqlamalarına gəlincə, ilk növbədə düşünürəm ki, onların heç biri Azərbaycan Nazirlər Kabinetinin sözügedən qərarını oxumayıb. Nazirlər Kabinetinin müvafiq qərarı var və həmin sənəddə nə hicab, nə də dinlə bağlı hər hansı bir ifadə yer alır. Burada söhbət məktəblərdə vahid davranış kodeksinin qəbul edilməsindən gedir və bu cür qaydalar dünyanın müxtəlif ölkələrində də tətbiq olunur. İngiltərədə, Fransada və ya Almaniyada elə bir məktəb tapa bilməzsiniz ki, orada hər kəs istədiyi kimi davransın. Bu ölkələrdə də məktəblilərin geyim və davranış qaydaları mövcuddur. Həm qızların, həm də oğlanların özlərinə uyğun geyim formaları var və Azərbaycanda da vahid məktəbli geyimi qaydası tətbiq olunur. Bəs bu qayda məktəbli geyimi ilə bağlı olduğu üçün hicaba da toxunurmu? Bəli, hicab məsələsinə də təsir edir. Lakin burada söhbət məktəblərdə intizamın qorunmasından, vahid geyim qaydalarının tətbiqindən və tədris prosesinin təşkilindən gedir. Hesab edirəm ki, bu məsələyə münasibət bildirərkən onun mahiyyəti düzgün anlaşılmalıdır.
İlk növbədə ona görə ki, söhbət dövlətə məxsus təhsil müəssisələrindən gedir. Dövlət öz məktəblərində müəyyən qaydalar və tələblər müəyyən edir. Bu, dövlət məktəbinin fəaliyyət prinsipləri ilə bağlıdır. Əgər həmin qaydalar kiməsə uyğun gəlmirsə, qeyri-dövlət təhsil müəssisəsində təhsil almaq seçimi də mövcuddur. Yəni, dövlət məktəbinin müəyyən etdiyi qaydalar şəxsin seçiminə uyğun deyilsə, o, alternativ təhsil müəssisəsini seçə bilər”.
Deputatın sözlərinə görə, təhlükəsizliklə bağlı məsələlər hər zaman açıq şəkildə müzakirə olunmur:
“Hər bir ölkənin özünəməxsus təhlükəsizlik problemləri, kənardan müdaxilə cəhdləri və müxtəlif formalarda təzahür edən təhdidləri var. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bu cür təhdid və təzyiqlərlə üzləşib. Əcdadlarımızın qurduğu dövlətçilik ənənələrini bir dəfə itirmişik. İkinci dəfə müstəqilliyimizi itirməyə yol verə bilmərik. Bu təhdidlərin müəyyən hissəsinin dini amillərdən istifadə edilməklə ölkəmizə yönəldildiyi iddia olunur. Digər tərəfdən, narkotik vasitələrin qanunsuz dövriyyəsi də ölkəmizin təhlükəsizliyi üçün ciddi problemlərdən biridir. İran-Azərbaycan sərhədində narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı mütəmadi olaraq faktlar aşkarlanır və bu təhlükə ilə mübarizə davam edir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün var idi. Onların bir qismi ölkənin müxtəlif bölgələrində salınmış çadır şəhərciklərində yerləşdirilmişdi. Həmin dövrdə çadır şəhərciklərində yaşayan əhali arasında da ideoloji təsir göstərmək və insanların siyasi baxışlarına təsir etmək cəhdləri mövcud idi”.
Cavanşir Feyziyev Nardaran hadisələrini də xadırladaraq qeyd edib ki, illər ərzində Nardaranda müəyyən qruplar formalaşdırıldı, təşkilatlandı və nəticədə siyasi İslam adı altında dövlətə qarşı çıxış etdilər. Bu hadisələr zamanı həmin qruplara kimin dəstək verdiyi və bunun Azərbaycan üçün hansı təhlükələr yaratdığı məsələsi də gündəmə gəldi:
“Bu cür təhdidlərin bu gün də mövcud olduğu bildirilir. FETÖ-nün Azərbaycanda necə şəbəkələndiyini xatırlayın. İddialara görə, onun təsir dairəsi dövlət qurumlarından tutmuş məktəblərə və universitetlərə qədər uzanırdı. Bəs bu, necə baş vermişdi? Dövlət müəyyən təhlükələri vaxtında nəzərə almadıqda, yad ideologiyaların müxtəlif sahələrdə möhkəmlənməsi riski yaranır. Ona görə də dövlət təhlükəsizliyinin qorunmasında müvafiq qurumların, ilk növbədə dövlət başçısının, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin və hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür. Dövlətçiliyimizə təhdid yarada biləcək qüvvələrə qarşı daim ayıq-sayıq olmalı və birlik nümayiş etdirməliyik.
Məktəbli geyimi məsələsinə gəlincə isə, burada əsas müzakirə mövzusu din deyil, məktəblərdə vahid geyim qaydalarının tətbiqidir. Belə ki, xarici qüvvələr dövlət qurumlarına, universitetlərə və iş yerlərinə nüfuz etmək imkanları məhdudlaşdıqdan sonra cəmiyyətə, o cümlədən ailələrə təsir göstərməyə çalışırlar. Bu kontekstdə 5–10 yaşlı qız uşaqlarının hicab taxmağa yönləndirilməsi məsələsi də gündəmə gətirilir. Uşaqların dünyagörüşü və müstəqil seçim imkanları hələ formalaşmadığından onların müxtəlif ideoloji təsirlərə məruz qalması ehtimalı xüsusi diqqət tələb edir. Bu cür hallara yol verməməliyik. Məktəbli geyimi ilə bağlı qərarın qəbulundan əvvəl ölkənin gələcəyi və təhlükəsizliyi baxımından müəyyən məsələlərin araşdırıldığı və qiymətləndirildiyi ehtimal olunur. Bu baxımdan, qərarın mahiyyətini və əsaslandırılmasını düzgün anlamaq vacibdir”.
Deputat son olaraq vurğulayıb ki, Türkiyədə də başqa ölkələrin ideologiyalarını təbliğ etməyə çalışan və bu məqsədlə milyonlarla dollar vəsait xərcləyən qurumlar mövcuddur:
“Ona görə də həmin şəxslərin Azərbaycan səfirliyinin və ya konsulluğunun qarşısında aksiya keçirməsi bizi narahat etməməlidir. Dövlət öz qərarını verib və onu icra etməlidir. Belə məsələlərdə bizim heç kimin məsləhətinə və ya göstərişinə ehtiyacımız yoxdur. Dövlət öz işini özü bilir. Məsələn, bizdə Türkiyədə baş verən bir çox hadisələrə münasibətimizi şəxsi fikir kimi bildiririk. Lakin dövlət səviyyəsində və yüksək vəzifədə təmsil olunan şəxslərin bu tonda danışmasını qəbulolunmaz hesab edirəm. Məncə, onlar etik qaydalara riayət etmək istəyirlərsə, səsləndirdikləri fikirlərə görə üzr istəməlidirlər.
Bəs Türkiyədə Azərbaycan cəmiyyətini narahat edən hadisələr baş verməyib? Buna baxmayaraq, heç bir azərbaycanlı Türkiyə Cümhuriyyətinin səfirliyi qarşısında belə bir aksiya keçirməyib. İstər Fələstin və İsrail məsələlərində, istərsə də 1990-cı illərdə Türkiyə hökuməti ilə müəyyən problemlər yaşadığımız dövrdə belə, azərbaycanlılar Türkiyə səfirliyinin qarşısında şüarlar səsləndirməyiblər. Niyə? Çünki biz düşünmüşük ki, eyni xalqın nümayəndələri olsaq da, iki ayrı dövlətimiz var və dövlətlərimiz bu cür məsələləri öz aralarında həll edirlər. Həmişə də belə olub.
Biz qardaş ölkələr və qardaş xalqlarıq. Ancaq Ulu Öndər Heydər Əliyevin məşhur ifadəsini unutmayaq: “Bir millət, iki dövlət”. O, “bir millət, bir dövlət” deməyib. Biz iki ayrı dövlətik və hər birinin özünəməxsus problemləri, nəzərə almalı olduğu təhlükələri və görməli olduğu tədbirləri var. Bu təhlükələr bəzən eyni, bəzən isə fərqli olur. Türkiyənin elə təhlükələri var ki, onlar Azərbaycan üçün mövcud deyil. Eyni zamanda, Azərbaycanın üzləşdiyi bəzi təhlükələr Türkiyə üçün xarakterik deyil.
Qeyd etdiyim kimi, hökumət Azərbaycanda hicabın qadağan olunduğunu deməyib. İnsanlar hicabı istədikləri yerdə və vaxtda geyinə bilərlər. İndiyədək kiminsə küçədə saxlanılaraq hicab taxdığına görə irad tutulması barədə söhbət gedirmi? Məsələ hicabın ümumiyyətlə qadağan olunması deyil, dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqidir. Məktəb dövlət müəssisəsidir.
Dövlətin mövqeyi ondan ibarətdir ki, din azaddır və hər kəs öz dini etiqadına uyğun yaşaya bilər. İnsan istədiyi dinə etiqad edə, dini geyim seçə bilər. Lakin dövlət məktəbində müəyyən edilmiş geyim qaydalarına əməl olunmalıdır. Digər tərəfdən, hicab taxmayan insanları buna görə təhqir etmək, alçaltmaq, onlardan müəyyən tələblərin yerinə yetirilməsini istəmək və ya onlara qarşı zorakılıq göstərmək cəmiyyətimizdə yolverilməzdir. Biz bu cür halların qarşısını almalıyıq. Bunun üçün mübarizə aparmaq lazım gələrsə, buna hazır olmalıyıq. Çünki biz bu respublikanı hüquqi və dünyəvi dövlət qurmaq, uşaqlarımızın gələcəyini azad və sivil mühitdə təmin etmək məqsədilə qurmuşuq. Hər hansı başqa ideologiyanın bütün cəmiyyətə zorla qəbul etdirilməsinə heç vaxt yol verilməməlidir”.
Yenigun.Media

