Əsas məzmuna keç
15 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Əli Məsimli: 2027-ci ilin büdcəsindən gözləntilərin aktual məqamları

YENİGÜN.MEDİAREKLAM728 × 90

2027-ci ilin dövlət büdcəsi layihəsi Nazirlər Kabinetinin 24 sentyabr 2026-cı il tarixli iclasında müzakirə edildikdən sonra sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, büdcə zərfinin Prezident Administrasiyasında nəzərdən keçirilməsindən sonra ən geci oktyabrın 15-dək Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur. Bu müddət yaxınlaşdıqca 2027-ci ilin dövlət büdcəsindən gözləntilərin aktuallığı da artır.

Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın ortamüddətli inkişaf prioritetləri ilə yanaşı, 2027-ci ilin büdcəsindən gözləntilərin əsas istiqamətlərinə də aydınlıq gətirir.

Dövlət başçısı çıxışında Azərbaycanın hərbi və təhlükəsizlik imkanlarının daha da gücləndirilməsinin əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycanla Ermənistan arasında hazırda münaqişə və müharibə yoxdur, sərhədlərdə sakitlik hökm sürür və sülh müqaviləsi paraflanıb. Bununla belə, Azərbaycanın hərbi gücünü daim artırmasının vacibliyi xüsusi qeyd olunub.

Prezident İlham Əliyev dünyada gedən proseslərin, müharibələrin və yeni münaqişə ocaqlarının yaranmasının təhlükəsizlik məsələlərini daim diqqətdə saxlamağı tələb etdiyini bildirib. Bu kontekstdə 2027-ci ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərclərinin yenə də prioritet istiqamətlərdən biri olacağını və bu məqsədlər üçün təqribən 9 milyard manat vəsait nəzərdə tutulduğunu açıqlayıb.

Dövlət başçısının çıxışında iqtisadi və maliyyə sabitliyi də xüsusi yer tutub. Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 5,6 faizi səviyyəsində olması ölkənin maliyyə dayanıqlığının əsas göstəricilərindən biri kimi diqqətə çatdırılıb. Xarici borcun aşağı səviyyədə saxlanılması gələcək nəsillərin üzərinə əlavə borc yükünün qoyulmaması baxımından mühüm strateji istiqamətdir.

2027-ci ilin büdcəsi baxımından digər mühüm istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış proqramıdır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı istiqamətində indiyədək 28 milyard manat vəsait xərcləndiyini bildirib. Hazırda azad edilmiş ərazilərdə 96 min insanın daimi məskunlaşması təmin edilib, Böyük Qayıdış proqramı çərçivəsində 48 yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib.

2027-ci ildə işğaldan azad edilmiş ərazilərdə infrastruktur və yenidənqurma layihələrinin davam etdirilməsi üçün “Böyük Qayıdış” proqramı çərçivəsində 3,4 milyard manat vəsait ayrılması planlaşdırılır.

İqtisadi inkişaf baxımından investisiyaların cəlb edilməsi də qarşıdakı dövrün əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda son iki ildə keçirilmiş Beynəlxalq İnvestisiya Forumlarında imzalanan investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çox olub.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın həm neft-qaz, həm də qeyri-neft-qaz sektoruna xarici investisiyaların cəlb edilməsi iqtisadi inkişafın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2027-ci ilin dövlət büdcəsində sosial istiqamət də əsas prioritetlər sırasında yer alır. Belə ki, büdcə xərclərinin 44 faizinin sosial sahəyə yönəldilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını, bununla bağlı artıq müvafiq göstərişlərin verildiyini bildirib.

Eyni zamanda, iqtisadi artımın sürətləndirilməsi məqsədilə daxili investisiya layihələrinin daha fəal icrası nəzərdə tutulur. Bu yanaşma dövlət investisiyalarının iqtisadi aktivliyin artırılmasına, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, məşğulluğun genişləndirilməsinə və regionların inkişafına yönəldilməsini aktuallaşdırır.

Beləliklə, 2027-ci ilin dövlət büdcəsindən gözləntilər yalnız gəlir və xərclərin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Qarşıdakı ilin büdcəsi Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maliyyə dayanıqlığının qorunması, işğaldan azad edilmiş ərazilərin bərpasının davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, investisiya fəallığının artırılması və iqtisadi artımın sürətləndirilməsi kimi əsas strateji istiqamətləri özündə birləşdirir.

2027-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasından sonra bu istiqamətlərin hər biri üzrə konkret maliyyə göstəricilərinin və yeni prioritetlərin daha aydın şəkildə ortaya çıxacağı gözlənilir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600