Milli Məclisin deputatı Əli Məsimli Xəzər dənizinin dayazlaşması problemi, Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin nəticələri və Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslərlə bağlı fikirlərini açıqlayıb.
Deputat bildirib ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan dövlət başçılarının iştirakı ilə keçirilən Xəzər Ekoloji Sammiti Xəzərin ekoloji problemlərinin həlli istiqamətində əməkdaşlığın yeni mərhələsinə keçid baxımından əhəmiyyətlidir.
Əli Məsimlinin sözlərinə görə, Xəzər dənizinin su səviyyəsinin son illərdə sürətlə aşağı düşməsi artıq ciddi regional problemə çevrilib. Bu prosesin nəticələri yalnız dənizin ekosistemi ilə məhdudlaşmır, eyni zamanda limanların fəaliyyətinə, gəmiçiliyə, nəqliyyat-logistika imkanlarına və sahilyanı ərazilərin sosial-iqtisadi vəziyyətinə təsir göstərir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev sammitdəki çıxışında problemin miqyasına diqqət çəkərək Xəzərin qorunmasının bütün sahilyanı dövlətlərin ortaq məsuliyyəti olduğunu vurğulayıb. Dövlət başçısının mövqeyinə görə, mövcud vəziyyət ümumi bəyanatlarla kifayətlənməyi deyil, konkret, davamlı və praktiki tədbirlərin həyata keçirilməsini tələb edir.
Əli Məsimli hesab edir ki, Xəzərin dayazlaşmasının səbəbləri hərtərəfli araşdırılmalı, iqlim dəyişiklikləri ilə yanaşı, çay axınlarının azalması və insan fəaliyyəti ilə bağlı amillər də nəzərə alınmalıdır. Problemin həlli üçün elmi proqnozlara əsaslanan qərarların qəbul edilməsi, ekoloji vəziyyətin müntəzəm monitorinqi və Xəzəryanı ölkələr arasında məlumat mübadiləsinin gücləndirilməsi vacibdir.
Deputatın fikrincə, sammitin mühüm nəticələrindən biri Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin enməsi probleminin həlli və dayazlaşmanın mənfi təsirlərinin azaldılması məqsədilə beştərəfli Dövlətlərarası Komissiyanın yaradılmasıdır. Komissiyanın ilk iclasının 2027-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar da bu istiqamətdə əməkdaşlığın davamlı xarakter alması baxımından əhəmiyyət daşıyır.
Əli Məsimli bildirib ki, yaradılan mexanizmin səmərəliliyi qəbul edilən qərarların icrasından, ölkələrin birgə fəaliyyətindən və görülən tədbirlərin nəticələrinin müntəzəm qiymətləndirilməsindən asılı olacaq. Xəzərin qorunması üçün uzunmüddətli fəaliyyət planlarının hazırlanması və mümkün ekoloji-iqtisadi risklərin əvvəlcədən müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Deputat vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər və Dövlətlərarası Komissiyanın ilk iclasının Bakıda keçirilməsinin nəzərdə tutulması ölkəmizin Xəzərin problemlərinin həllində fəal rol oynamaq iradəsini nümayiş etdirir. Xəzərin gələcəyinin qorunması isə bütün sahilyanı dövlətlərin əlaqələndirilmiş fəaliyyətini və üzərlərinə düşən məsuliyyəti yerinə yetirməsini tələb edir.

