Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: “20 Sentyabr Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir”

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli qürurumuzu və dövlətimizin gücünü təcəssüm etdirən mühüm tarixi gündür.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm hadisələrin məntiqi yekununu əks etdirir:

“2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Bu tarixi nailiyyət Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qətiyyətinin və ordumuzun gücünün göstəricisidir”.

Fatma Yıldırım vurğulayıb ki, Azərbaycanın dövlət suverenliyinə gedən yol asan olmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqları uzun illər işğal altında qalıb, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb:

“Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilmədi. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirildi”.

Deputatın sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biri olub:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək işğal altındakı ərazilərimizin böyük hissəsini azad etdi. Bu tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu”.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın qarşısında növbəti mühüm vəzifə dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi idi. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa olunub.

“2023-cü il sentyabrın 20-si Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin gündən Azərbaycan Respublikasının suverenliyi ölkəmizin bütün ərazisində tam təmin edilir. Bu gün üçrəngli Azərbaycan Bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır, Konstitusiyamızın hüquqi qüvvəsi dövlətimizin bütün ərazisində təmin olunur”, – deputat bildirib.

Deputat vurğulayıb ki, dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir, regionun sosial-iqtisadi inkişafına xidmət edən mühüm layihələr icra olunur.

Fatma Yıldırım bildirib ki, 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin dövlətçilik və hüquqi dövlət quruculuğu baxımından əhəmiyyətini nümayiş etdirir.

“Bu gün Azərbaycan tam suveren dövlət kimi milli maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirir. Ölkəmizin əldə etdiyi tarixi Zəfər dövlətçilik iradəmizin, milli həmrəyliyimizin və xalq-dövlət birliyimizin təntənəsidir”.

Deputat 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib və xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edib.

“Torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm. 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm”.