Milli Məclisin deputatı Fatma Yıldırım II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlərin Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyduğunu bildirib.
Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında qeyd edib ki, Forum yalnız investorların və biznes nümayəndələrinin bir araya gəldiyi beynəlxalq tədbir deyil, Azərbaycanın yeni iqtisadi reallıqlarını, investisiya imkanlarını və qarşıdakı illərin inkişaf istiqamətlərini beynəlxalq biznes ictimaiyyətinə təqdim edən mühüm strateji platformadır.
Fatma Yıldırımın sözlərinə görə, bunun konkret göstəricilərindən biri Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənədin imzalanmasıdır.
“Son 20 ildən artıq dövrdə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın yatırılması ölkəmizdə formalaşdırılmış siyasi və iqtisadi sabitliyin, əlverişli biznes mühitinin və etibarlı tərəfdaşlıq imkanlarının nəticəsidir. Bu göstərici həm də uzunmüddətli iqtisadi siyasətin davamlılığını nümayiş etdirir”, – deputat bildirib.
Deputat vurğulayıb ki, qarşıdakı mərhələdə əsas məsələlərdən biri mövcud investisiya imkanlarının yeni iqtisadi artım mənbələrinə çevrilməsidir. Onun fikrincə, iqtisadiyyatın şaxələndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Bərpaolunan enerji, nəqliyyat və logistika, mədənçilik və metallurgiya, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələr Azərbaycanın gələcək iqtisadi inkişafında daha böyük rol oynaya bilər”, – Fatma Yıldırım qeyd edib.
Deputat xüsusilə yaşıl enerji istiqamətinin Azərbaycanın qarşısında yeni imkanlar açdığını bildirib. Onun sözlərinə görə, Xəzər dənizinin enerji potensialından istifadə, külək və günəş enerjisi layihələrinin genişləndirilməsi, enerji ötürücü xətlərin və saxlanc imkanlarının inkişafı həm daxili enerji tələbatının qarşılanmasına, həm də gələcəkdə yaşıl enerjinin ixracına imkan yarada bilər.
Fatma Yıldırım Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsini də mühüm istiqamət kimi dəyərləndirib:
“Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə imkanların genişləndirilməsi yalnız tranzit gəlirlərinin artması demək deyil. Bu, yeni sənaye və logistika zonalarının yaranmasına, xidmət sektorunun inkişafına, əlavə iş yerlərinin açılmasına və Azərbaycanın regional iqtisadi əlaqələrdə rolunun möhkəmlənməsinə şərait yaradır”.
Deputat mədənçilik və metallurgiyanın da yeni iqtisadi imkanların formalaşdığı istiqamətlərdən olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sahələrə sərmayələrin artırılması təbii resursların daha səmərəli iqtisadi dövriyyəyə cəlb olunmasına, emal imkanlarının genişlənməsinə və sənaye istehsalının inkişafına xidmət edə bilər.
Fatma Yıldırım neft-qaz sektorunun Azərbaycanın iqtisadi inkişafında mühüm rolunu qoruduğunu da vurğulayıb. Deputatın sözlərinə görə, əsas məqsəd enerji resurslarından əldə olunan imkanların iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi və gələcək nəsillər üçün daha şaxələndirilmiş iqtisadi strukturun formalaşdırılmasıdır.
Milli Məclisin deputatı rəqəmsal transformasiya və süni intellekt istiqamətinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın enerji potensialı, əlverişli coğrafi mövqeyi, inkişaf edən rəqəmsal infrastrukturu və insan kapitalı data mərkəzləri, rəqəmsal xidmətlər və yeni texnologiyalar sahəsində ölkənin regional imkanlarını genişləndirə bilər.
Deputat qeyd edib ki, investisiyanın real faydası yalnız maliyyə vəsaitinin ölkəyə daxil olması ilə ölçülməməlidir:
“Əsas nəticə həmin sərmayənin yeni istehsala, yeni texnologiyalara, yeni iş yerlərinə, ixrac imkanlarına, rəqabət qabiliyyətinə və insan kapitalının inkişafına çevrilməsidir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti daha genişdir”.
Fatma Yıldırım hesab edir ki, Forum çərçivəsində imzalanan sənədlərin konkret layihələrə çevrilməsi Azərbaycanda iqtisadi fəallığın artmasına, yeni müəssisələrin yaradılmasına, regionlarda məşğulluq imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər.
“Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi bir şəraitdə sabitlik, etimad və əlaqəlilik investisiya qərarlarında mühüm amillərə çevrilir. Azərbaycanın bu üstünlükləri özündə birləşdirməsi qarşıdakı mərhələdə yeni investisiya imkanlarından daha səmərəli istifadə etməsinə şərait yaradır”, – deputat deyib.
Fatma Yıldırımın sözlərinə görə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi inkişafında yeni əməkdaşlıqların və yeni layihələrin başlanğıc nöqtələrindən biri ola bilər.
“Əsas hədəf cəlb olunan investisiyaların ölkəmizin iqtisadi gücünə, yeni istehsal və məşğulluq imkanlarına, texnoloji inkişafa və vətəndaşlarımızın rifahına çevrilməsidir. Bu baxımdan Forum Azərbaycanın dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadiyyatının formalaşdırılması istiqamətində mühüm tədbirdir”, – deputat əlavə edib

