25 Oktyabr – Qubadlı şəhəri günü münasibətilə Milli Məclisin deputatı Fatma Yıldırım paylaşım edib.
Yenigun.Media xəbər verir ki, deputat Qubadlı şəhərinin azad olunmasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli iradəsinin təntənəsini əks etdirən əlamətdar tarix olduğunu bildirib.
Fatma Yıldırım qeyd edib ki, 2020-ci il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad edilib. Onun sözlərinə görə, bu hadisə 44 günlük Vətən müharibəsinin gedişində mühüm mərhələlərdən biri olub və Azərbaycanın tarixi Zəfərinə gedən yolu möhkəmləndirib.
Deputat vurğulayıb ki, uzun illər işğal altında qalan Qubadlıda yaşayış məntəqələri, evlər və sosial-mədəni obyektlər dağıdılıb, minlərlə insan doğma yurdlarından didərgin düşüb. Lakin xalqımızın öz torpaqlarına qayıtmaq inamı heç vaxt sarsılmayıb.
Fatma Yıldırımın sözlərinə görə, hazırda Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi, yeni yaşayış məhəllələrinin inşası, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, eləcə də yol və enerji infrastrukturunun inkişafı rayonun gələcəyinə hesablanmış mühüm addımlardır.
Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın iqtisadi potensialının reallaşdırılmasına, əhalinin doğma torpaqlarda məskunlaşmasına və bölgənin sosial-iqtisadi inkişafına xidmət edir.
Fatma Yıldırım 25 Oktyabr – Qubadlı şəhəri gününün Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığını, qazilərin fədakarlığını və xalqımızın birliyini bir daha xatırlatdığını qeyd edib. O, Qubadlının azadlığı uğrunda mübarizə aparan bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərə cansağlığı arzulayıb.

