Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

 Aynur Musayeva:“Məktəbdən müstəqil həyata: övladımızın gələcəyinə bu gündən hazırlaşaq”

Məhdudiyyətli övladın təhsil alması vacibdir. Lakin təhsilin əsas məqsədi yalnız məktəbi bitirmək deyil, onu həyata, cəmiyyətə və mümkün qədər müstəqil gələcəyə hazırlamaqdır.

Valideyn olaraq övladımız üçün bu gün düşünməli olduğumuz əsas sual:
“O, məktəbdən sonra həyatda hansı bacarıqlara sahib olacaq?”
Bunun üçün hazırlıq erkən yaşlardan başlamalıdır:

✅Müstəqillik: Geyinmək, şəxsi gigiyena, qidalanma, əşyalarını toplamaq, gündəlik işlərini mümkün qədər özü yerinə yetirmək.
✅Sosial bacarıqlar: insanlarla ünsiyyət qurmaq, kömək istəmək, ictimai qaydalara əməl etmək, seçimlərini və fikirlərini ifadə etmək.
✅Məsuliyyət: Yaşına və imkanlarına uyğun ev işləri və gündəlik öhdəliklər vermək.
✅Peşə bacarıqları: Övladın maraq və qabiliyyətlərini erkən müəyyənləşdirmək, praktik bacarıqlarını inkişaf etdirmək və gələcək məşğulluğa istiqamətləndirmək.
✅Qərarvermə: Onun əvəzinə hər şeyi etmək deyil, seçim etmək və nəticələrini anlamaq üçün imkan yaratmaq.
✅Gələcəyə hazırlıq: Məktəb, ailə və mütəxəssislər birlikdə övladın gələcək həyatına dair real və mərhələli plan qurmalıdır.
Ən vacib məqam isə övladımızı daim qorumaq əvəzinə, onu həyatın içində yaşamağa hazırlamalıyıq.

Çünki müstəqillik bir gündə formalaşmır. Bu gün öyrədilən kiçik bir bacarıq sabah böyük bir həyat imkanına çevrilə bilər.
Valideynin vəzifəsi övladının yerinə həyatını yaşamaq deyil, onun öz həyatını mümkün qədər bacarıqla yaşaya bilməsi üçün bu gündən yol açmaqdır.