Əsas məzmuna keç
13 Noyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96

Özünüməşğulluqla verilən avadanlığı satanların nəzərinə: Ali Məhkəmədən mühüm qərar

Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən avadanlıqların təyinatı üzrə istifadə edilməməsi və ya satılması zamanı onların geri alınmasının hüquqi qaydası müəyyənləşdirilib.

Yenigun.Media xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası bu məsələ ilə bağlı mübahisəyə baxaraq inzibati orqanların əmlakın geri qaytarılmasını tələb edərkən hansı prosedura əməl etməli olduğuna aydınlıq gətirib.

İş materiallarına əsasən, 2024-cü il fevralın 1-də vətəndaşla müvafiq inzibati orqan arasında bağlanmış müqaviləyə uyğun olaraq ona özünüməşğulluq proqramının “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq təqdim edilib.

Lakin 2025-ci il fevralın 19-da keçirilən monitorinq zamanı həmin avadanlıqların satıldığı üzə çıxıb. Bundan sonra inzibati orqan vətəndaşa xəbərdarlıq göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb icra olunmadıqdan sonra məsələ məhkəməyə çıxarılıb.

Bakı İnzibati Məhkəməsi iddianı mümkün hesab etməyib. Apellyasiya instansiyası da bu mövqeyi qüvvədə saxlayıb.

Ali Məhkəmə isə hüquqi məsələyə münasibət bildirərək qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində əmlakın təqdim edilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. Əvvəlcə şəxsin proqrama cəlb olunması barədə inzibati akt qəbul edilir, daha sonra həmin akt əsasında müqavilə bağlanır.

Məhkəmənin hüquqi mövqeyinə görə, vətəndaş müqavilə öhdəliklərini pozduqda inzibati orqan birbaşa məhkəməyə müraciət etməklə kifayətlənməməlidir. İlk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın və ya onun dəyərinin geri tələb olunması barədə müvafiq inzibati akt qəbul edilməlidir.

Ali Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunla verilmiş səlahiyyətlərindən istifadə edərək müvafiq qərarları özləri qəbul etməli, məhkəməyə müraciət isə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi vasitə kimi tətbiq olunmalıdır.

Beləliklə, qərar özünüməşğulluq proqramı iştirakçıları ilə inzibati orqanlar arasında yaranan mübahisələrdə əmlakın geri qaytarılması prosedurunun hüquqi çərçivəsini bir daha diqqətə çatdırır.