Milli Məclisin deputatı Pərvin Kərimzadə 15 oktyabr 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi əhəmiyyətindən danışıb.
Deputat qeyd edib ki, İlham Əliyevin Prezident seçilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Azərbaycan xalqı bu seçimlə Heydər Əliyevin siyasi kursuna sadiqliyini, sabitliyə, sülhə, əmin-amanlığa və davamlı inkişafa olan inamını nümayiş etdirib.
Pərvin Kərimzadənin sözlərinə görə, liderlik milli dövlətin formalaşmasında və inkişafında həlledici rol oynayır. Bu gün Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə regionda mühüm beynəlxalq və irimiqyaslı layihələrin həyata keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir.
Deputat vurğulayıb ki, güclü lider yalnız siyasi qərarları ilə deyil, həm də milli birliyin möhkəmlənməsinə, ortaq ideya və dəyərlərin formalaşmasına verdiyi töhfə ilə seçilir.
Məhz bu amillər Azərbaycanda siyasi sabitliyin qorunmasına və gələcək inkişaf üçün möhkəm zəmin yaradılmasına xidmət edir.

