Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Rövşən Muradov:Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni strateji mərhələdə

YENİGÜN.MEDİAREKLAM728 × 90

Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşü region ölkələri arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin regional proseslərdə artan rolunu, nəqliyyat-logistika imkanlarını və ortaq iqtisadi layihələrin inkişafındakı mövqeyini bir daha ön plana çıxarır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Məmmədov Yenigun.Media-ya açıqlama verib.

Deputat bildirib ki, Türkmənbaşı görüşü regional münasibətlərin siyasi, iqtisadi və strateji baxımdan yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.

Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin regional qərarların qəbulunda, ortaq iqtisadi təşəbbüslərin formalaşdırılmasında və strateji layihələrin həyata keçirilməsində rolunu genişləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə və Avropa arasında siyasi-iqtisadi əlaqələrin inkişafında mühüm tərəfdaşa çevrilməsidir.

Türkmənbaşı görüşünün əsas əhəmiyyəti siyasi dialoqun daha sistemli iqtisadi əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır. 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə fəaliyyət göstərən müəssisələrin sayının 400-ü ötməsi qarşılıqlı iqtisadi münasibətlərin genişlənməsini təsdiqləyir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə ortaq layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar formalaşdırır. Hesab edirəm ki, qarşıdakı mərhələdə əsas prioritet ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə istehsal müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların genişləndirilməsi və regional dəyər zəncirlərinin inkişaf etdirilməsi olmalıdır.

Bu əməkdaşlığın strateji istiqamətlərindən biri Orta Dəhlizin inkişafıdır. Qlobal ticarət marşrutlarının şaxələndirilməsinə artan tələbat Azərbaycanın tranzit potensialının iqtisadi əhəmiyyətini yüksəldir. Orta Dəhliz üzrə yükdaşımaların 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması mövcud inkişaf dinamikasını göstərir. Bununla yanaşı, daşınma müddətinin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi, tarif siyasətinin əlaqələndirilməsi və liman infrastrukturunun genişləndirilməsi dəhlizin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün vacibdir.

Azərbaycanın əsas strateji məqsədi tranzit imkanlarını əlavə dəyər yaradan iqtisadi fəaliyyətə çevirmək, logistika potensialını sənaye istehsalı, ixrac və məşğulluğun inkişafı ilə əlaqələndirmək olmalıdır.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlıq da regional iqtisadi inteqrasiyanın perspektivli istiqamətlərindəndir. Üç ölkənin bərpaolunan enerji potensialının qarşılıqlı əlaqələndirilməsi və gələcəkdə elektrik enerjisinin beynəlxalq bazarlara ötürülməsi enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu layihələrin reallaşdırılması üçün texniki-iqtisadi əsaslandırmaların tamamlanması, beynəlxalq maliyyələşdirmə mexanizmlərinin formalaşdırılması və enerji infrastrukturlarının uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Belə əməkdaşlıq Azərbaycanın ənənəvi enerji ixracatçısı kimi mövqeyini bərpaolunan enerji sahəsində yeni imkanlarla tamamlaya bilər.

2027-ci ildə Azərbaycanın Məşvərət görüşləri formatına sədrliyi regional əməkdaşlığın praktiki nəticələrinin genişləndirilməsi üçün mühüm imkan olacaq. Hesab edirəm ki, bu dövrdə əsas prioritetlər Orta Dəhlizin inkişafının sürətləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, ortaq sənaye layihələrinin həyata keçirilməsi, yaşıl enerji və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müəyyənləşdirilməlidir.

Bütövlükdə, Türkmənbaşı görüşü Azərbaycanın regional əməkdaşlıqda artan rolunu və Mərkəzi Asiya ilə münasibətlərin uzunmüddətli strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Qarşıdakı mərhələnin əsas vəzifəsi siyasi etimadı davamlı iqtisadi tərəfdaşlığa, coğrafi üstünlükləri rəqabətqabiliyyətli nəqliyyat və enerji sistemlərinə, ortaq iqtisadi potensialı isə region dövlətlərinin inkişafına xidmət edən konkret nəticələrə çevirməkdir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600