Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Yenigun.Media xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Mingəçevir Bələdiyyəsinin akt zalında keçirilən müşavirədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, ərazi partiya təşkilatlarının sədrləri və müavinləri, eləcə də partiya üzvləri olmaqla, ümumilikdə 100 nəfər iştirak edib.
Müşavirədə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətraflı müzakirə olunub, nitqdən irəli gələn vəzifələr və partiyanın yerli təşkilatlarının qarşısında duran prioritet istiqamətlər barədə fikir mübadiləsi aparılıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında VIII Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin nitqinin Azərbaycanın əldə etdiyi nailiyyətləri, qarşıya qoyulan hədəfləri və yeni dövrün çağırışlarını əks etdirdiyini vurğulayıb.
Bəxtiyar Mustafayev qeyd edib ki, qurultaydan irəli gələn vəzifələrin yerli təşkilatlar tərəfindən ardıcıl həyata keçirilməsi, partiya üzvlərinin fəallığının artırılması, gənclərlə işin gücləndirilməsi və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi əsas istiqamətlərdəndir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə çıxışında Yeni Azərbaycan Partiyasının inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı rolundan və VIII Qurultayda qarşıya qoyulan vəzifələrdən danışıb. Deputat Prezident İlham Əliyevin çıxışında Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında duran strateji məsələlərin və gələcək inkişaf istiqamətlərinin diqqətə çatdırıldığını bildirib, partiya üzvlərinin bu vəzifələrin icrasında fəal iştirakının vacibliyini vurğulayıb.
Partiya fəalları fikir və təkliflərini bölüşüblər
Müşavirədə Esmira Cəfərova, Aidə İsmayılova, Kamal Əhmədov, Şəmsinur Hüseynova, Mustafa Muradov, İranə Həsənova, Ramiz Süleymanov, Rizvan Mikayıllı və Ədalət Quliyeva çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıblar.
Çıxışlarda partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, əhali ilə birbaşa ünsiyyətin gücləndirilməsi, gənclərin və qadınların ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, eləcə də müasir dövrün tələblərinə uyğun fəaliyyətin təşkili ilə bağlı fikirlər səsləndirilib.
Tədbirdə, həmçinin yerli partiya təşkilatlarının fəaliyyəti, üzvlərlə işin təkmilləşdirilməsi, ictimai təşəbbüslərin artırılması və partiyanın fəaliyyət istiqamətlərinin daha geniş təbliği məsələləri müzakirə olunub.
Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi istiqamətlər YAP Mingəçevir şəhər təşkilatının gələcək fəaliyyətində əsas prioritetlərdən olacaq və bu istiqamətdə məqsədyönlü tədbirlər davam etdiriləcək.
Müşavirə qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.


