Bu ilin ilk 7 ayında Azərbaycana 1 milyon 342 min turist səfər edib. Turistlərin təxminən yarısını Rusiya və Türkiyə vətəndaşları təşkil edib. Gələnlərin 28,3 faizi Rusiya, 20 faizi isə Türkiyə vətəndaşlarıdır.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, gəlmə turizmində diqqət çəkən məqamlardan biri Türk dövlətlərindən Azərbaycana səfər edənlərin sayındakı dəyişiklikdir.
Deputatın sözlərinə görə, ilin ilk 7 ayında ölkəyə gələn turistlərin təxminən 30 faizi Türk dövlətlərinin vətəndaşları olub. Bu isə Azərbaycana səfər edən hər üç turistdən birinin Türk dünyasını təmsil etməsi deməkdir.
Bu dövrdə Azərbaycana Qazaxıstandan 61 min 759, Özbəkistandan isə 42 min 963 turist gəlib.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra qardaş ölkədən Azərbaycana gələn turistlərin sayında daha ciddi artım gözlənilir. Onun fikrincə, Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq Müqaviləsi digər sahələrlə yanaşı, turizm əlaqələrinin inkişafına da mühüm töhfə verə bilər.
Deputat vurğulayıb ki, Türk dövlətləri arasında strateji tərəfdaşlığın güclənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsi üçün də yeni imkanlar yaradır.
Rəsmi statistikaya əsasən, körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında isə 32,8 faiz azalma qeydə alınıb. Bu azalmanın əsas səbəblərindən birinin regionda yaşanan İran münaqişəsinin turizm axınlarına təsiri olduğu bildirilir.
Eyni zamanda, Azərbaycana Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında 8 faiz artım qeydə alınıb. MDB ölkələrindən gələnlərin sayında isə 1,6 faiz artım olub.
Vüqar Bayramovun sözlərinə görə, rəqəmlər Azərbaycanın turizm bazarında Türk dövlətlərinin rolunun getdikcə artdığını və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğunu göstərir.

