Əsas məzmuna keç
25 Noyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Ermənistanın yeni Konstitusiyası sülhə yol açacaq? – Deputatdan açıqlama

Ermənistanın yeni Konstitusiya layihəsi Azərbaycanla sülh prosesinə necə təsir edəcək? Layihədə ərazi iddiaları ilə əlaqələndirilən müddəaların çıxarılması regionda davamlı sülhün təmin olunmasına şərait yarada bilərmi?

Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı Yenigun.Media-ya açıqlamasında deyib.

Deputat bildirib ki, Ermənistanın yeni Konstitusiya təşəbbüsü Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, uzun illər davam edən münaqişənin əsas səbəblərindən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların müxtəlif siyasi-hüquqi sənədlərdə əks olunması olub. Bu baxımdan, yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer almaması müsbət addım kimi qiymətləndirilə bilər.

Arzuxan Əlizadə qeyd edib ki, əsas məsələ bu yanaşmanın yalnız Konstitusiya layihəsində deyil, Ermənistanın bütün siyasi və hüquqi fəaliyyətində öz əksini tapmasıdır.

Deputat vurğulayıb ki, Ermənistanın yeni Konstitusiyasının qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağına dair bəyanatlar konkret hüquqi addımlarla təsdiqlənməlidir. Onun fikrincə, davamlı sülh qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və dövlətlərin ərazi bütövlüyünün tanınması prinsipləri əsasında qurulmalıdır.

O, Ermənistan daxilində layihəyə qarşı çıxan siyasi qüvvələrin mövqeyinə də diqqət çəkib. Bildirib ki, müxalifətin etirazları referendum prosesi ətrafında siyasi müzakirələri intensivləşdirə bilər. Bu səbəbdən Ermənistan hakimiyyətinin cəmiyyətə sülhün əhəmiyyətini izah etməsi vacibdir.

Deputatın qənaətinə görə, yeni Konstitusiyanın qəbul edilməsi Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün mühüm imkan yarada bilər. Bununla belə, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də həllini tapmalıdır.

Arzuxan Əlizadə hesab edir ki, Konstitusiya layihəsinin təqdim edilməsi özlüyündə tarixi dönüş üçün kifayət deyil. Əsas şərt sənədin qəbul edilməsi, hüquqi prosedurların tamamlanması, sülh sazişinin imzalanması və tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsidir.

Deputat sonda vurğulayıb ki, Azərbaycanın məqsədi formal sənəd imzalamaq deyil, gələcəkdə ölkəmizə qarşı hər hansı ərazi iddiasının irəli sürülməsini istisna edən möhkəm hüquqi və siyasi təminatların yaradılmasıdır.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəbul etməli, münasibətləri qarşılıqlı hörmət və beynəlxalq hüquq əsasında qurmalıdır. Yalnız bu halda regionda uzunmüddətli və etibarlı sülhdən danışmaq mümkün olacaq.