Milli Məclisin deputatı Razi Nurullayev maraqlar toqquşması, dövlət idarəçiliyində qohumbazlıq və kadr təyinatlarında şəxsi münasibətlərin roluna dair fikirlərini bölüşüb.
Yenigun.Media-nın məlumatına görə, deputat bildirib ki, cəmiyyətdə qohumbazlıq, dostbazlıq, yerlibazlıq və himayədarlıq kimi hallar ciddi problemlərdən birinə çevrilib.
Onun sözlərinə görə, bəzən bir şəxsin vəzifəyə təyin olunması onun yaxın ətrafının da karyera yüksəlişinə şərait yaradır, uzun illər həmin qurumda çalışan peşəkar əməkdaşlar isə sıxışdırılır və işdən ayrılmağa məcbur olurlar.
Razi Nurullayev vurğulayıb ki, əsas məsələ məmur qohumunun vəzifəyə təyin olunması deyil, həmin şəxsin bu vəzifəyə öz bilik və bacarığı hesabına, yoxsa qohumluq əlaqələrindən istifadə etməklə gəlməsidir.
Deputat qeyd edib ki, qanun cəmiyyətdə geniş yayılmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsinin dəyişməsinə də xidmət etməlidir.
O bildirib ki, qohumbazlığın zərəri təkcə iqtisadi deyil, həm də mənəvi və psixoloji xarakter daşıyır. Belə hallar insanların dövlətə və ədalətə inamını azaldır, bacarıqlı kadrların həvəsdən düşməsinə və ölkəni tərk etmək istəməsinə səbəb olur.
Deputat maraqlar toqquşmasının digər tərəfinə də diqqət çəkib. Onun fikrincə, şəxsi münasibətlərə görə kiminsə qanuni hüquqlarından məhrum edilməsi də yolverilməzdir. Dövlət məmuru həm dostuna, həm də onunla münasibətləri yaxşı olmayan şəxsə eyni qanun çərçivəsində yanaşmalıdır.
Razi Nurullayev qanun layihəsini dəstəklədiyini və onun lehinə səs verəcəyini açıqlayıb.
“Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır”, – deyə deputat bildirib.
Yenigun.Media

