Yenigun.Media xəbər verir ki, 27 avqust Azərbaycan xalqının yaddaşında Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızı da xatırladığımız günlərdən biridir.
1995-ci ildə anadan olan İlkin Şükürov, Xaqani Əsgərov və Ehtibar Şirinov, 1999-cu il təvəllüdlü Aqil Mirzəliyev, 2001-ci ildə dünyaya gələn Cavid Paşazadə və Mehdi Qənbərli Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçiblər.
Onların hər biri döyüş meydanında göstərdikləri şücaət və qəhrəmanlıqla tariximizə adlarını yazdırıb.
İlkin Şükürov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və 14 oktyabr 2020-ci ildə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Xaqani Əsgərov Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 29 sentyabr 2020-ci ildə şəhid olub. O, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Aqil Mirzəliyev Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində döyüşüb. 20 oktyabr 2020-ci ildə Xocavəndin Tuğ kəndi istiqamətində şəhid olan Aqil Mirzəliyev ölümündən sonra bir sıra medallar və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Cavid Paşazadə Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 29 oktyabr 2020-ci ildə şəhid olub. O, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ehtibar Şirinov Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 9 noyabr 2020-ci ildə Zəngilan istiqamətində şəhid olan Ehtibar Şirinov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mehdi Qənbərli isə Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 3 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu qəhrəmanların həyat yolu, döyüş əzmi və Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün örnəkdir.
Ruhları şad olsun! Qəhrəman şəhidlərimizi qürurla yad edirik!

